"Süni intellektin inkişafı fonunda aparıcı universitetlərdə mütəxəssislərin insani keyfiyyətlərinin, mühakimə qabiliyyətinin və digər vacib bacarıqlarının formalaşdırılması istiqamətində ciddi işlər görülür".
"Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən 2-ci Süni İntellekt Zirvəsində deyib.
Bəxtiyar Aslanbəyli qeyd edir ki, informasiya, bilik və müdriklik fərqli anlayışlardır:
"İnformasiya baş verən hadisələr haqqında məlumatı, yəni datanı ifadə edir. Bilik həmin hadisələrin nə üçün və hansı səbəbdən baş verdiyini anlamaq və bu barədə mühakimə yürütməkdir. Müdriklik isə informasiya və biliyi bir araya gətirərək hadisələrin mahiyyətini dərk etmək, onların nə zaman və necə baş verəcəyini qiymətləndirmək, eləcə də növbəti addımları düzgün hesablamaqdır".
Vitse-prezident deyir ki, bu gün bəşəriyyətin və bütövlükdə ali təhsil sisteminin qarşıya qoyduğu əsas məqsədlərdən biri, ixtisasından asılı olmayaraq, insanlara müstəqil düşünməyi öyrətməkdir:
"Aparıcı universitetlərin təcrübəsinə nəzər saldıqda da auditoriya əsaslı tədrisin payının azaldığını, müstəqil öyrənmə və araşdırma vərdişlərinin formalaşdırılmasına daha çox diqqət yetirildiyini görmək mümkündür.
Bu yanaşma gələcəkdə əmək bazarında süni intellekt agentlərindən istifadə edən mütəxəssislərin düzgün suallar verməsinə, əldə etdikləri cavabları təhlil edərək əsaslandırılmış nəticələr çıxarmasına və düzgün mühakimə yürütməsinə imkan verəcək. Belə qərarlar qəbul edilərkən yalnız rəqəmlər deyil, insan amili, empatiya və digər sosial-emosional faktorlar da nəzərə alınmalıdır".













