"10 oktyabr tarixində Ermənistanın baş naziri Nikol Paşinyan Birinci Kanala müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi bir sıra iddialar Ermənistan tərəfinin siyasi manipulyasiyalardan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini açıq-aşkar göstərir".
FED.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində bildirilib.
Qeyd edilib ki, Azərbaycanın guya Avropa Siyasi İcmasının Qranada görüşündə iştirakdan imtina etməsinin səbəbinin Azərbaycanın sülhə hər vəchlə mane olması kimi qələmə verən Ermənistan tərəfinə ötən ilin dekabr ayından etibarən Ermənistanın heç bir səbəb olmadan müxtəlif platformalarda iştirakdan yayındığı faktlarını xatırlatmaq istərdik. Ermənistandan fərqli olaraq, Azərbaycan Ermənistanın uzun müddət heç bir rəy vermədiyi sülh prinsipləri, sülh müqaviləsi, kommunikasiyaların açılması, demarkasiya məsələsində əsas təşəbbüskar tərəf olduğu, bütün platformalarda hər bir vasitəçinin səylərinə daim hörmətlə yanaşdığı hər kəsə məlumdur.
20 sentyabr tarixində ölkəmizin ərazisindən erməni silahlı qüvvələrinin və Ermənistanın yaratdığı separatçı rejimin qalıqlarını təmizlədikdən sonra bölgədə sülh üçün böyük imkanlar yarandığını dəfələrlə bəyan edən Azərbaycan eyni zamanda Ermənistanın ölkəmizə və digər qonşularına qarşı ərazi iddialarından və müdaxilədən çəkinəcəyini gözləyir.
Bununla yanaşı, Qranada görüşündə imzaladığı sənəddə müstəqillik, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi və güclə hədələməmək kimi prinsiplərə istinad edən baş nazir Nikol Paşinyan unudur ki, təmsil etdiyi Ermənistanın 30 ildən artıq müddətdə, onun isə hakimiyyətdə olduğu son 5 il ərzində, həm 44 günlük Vətən müharibəsindən əvvəl, həm də post-münaqişə dövründə sözügedən prinsipləri bütün səyləri ilə pozduğu heç kəsə sirr deyil. Ermənistandan fərqli olaraq, Azərbaycanın prinsipləri heç zaman təhrif etmədiyi məlumdur.
Vurğulanıb ki, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili, bu istiqamətdə təhlükəsizliyə zəmanət verilməsi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi kimi sahələrdə Üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərini son üç il ərzində yerinə yetirməyən Ermənistan tərəfi göstərdiyi qeyri-konstruktiv mövqe ilə növbəti dəfə özünütəcrid siyasəti ilə yadda qalacağı qaçınılmazdır. Azərbaycanın İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə əldə olunmuş razılaşma bir daha göstərir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan daim alternativ yollardan istifadə edərək bölgədə nəqliyyat dəhlizlərinin inkişafına müsbət töhfə verməkdədir.
"Ərazi bütövlüyünə hörmətin və delimitasiyanın hər hansı bir kvadrat kilometr ilə ölçülməsi və ya hər iki tərəfdən indiyə qədər təsdiq olunmamış xəritə əsasında müəyyən edilməsi təcrübəsinin mövcud olmadığı bir şəraitdə Ermənistan baş nazirinin yenidən bu məsələlərə istinad etməsi təəccüblüdür. Keçmiş SSRİ dövründə bölgəmiz üzrə müxtəlif dövrlərdə bir sıra xəritələrin hazırlandığını, bu xəritələrdən heç də hamısının xəritələri təsdiqləyən hüquqi sənədlərə əsaslanmadığı məlumdur. Ermənistan tərəfindən istinad edilən 1975-ci il xəritəsinə gəldikdə, belə bir xəritənin mövcud olmadığı, 1973-1986-cı illərdə bir sıra xəritələrin müxtəlif vaxtlarda hazırlandığını bir daha diqqətə çatdırmaq istərdik. Ümumilikdə, təcrübəyə əsasən delimitasiya prosesi yalnız xəritələrə əsaslanmaqla həyata keçirilmir, bu xəritələrin istinad mənbəyi olması üçün onlar beynəlxalq hüquqi sənədlərə söykənməli, o cümlədən hər iki ölkə tərəfindən hansısa formada təsdiqlənməlidir. Ermənistanın ərazi iddiaları səbəbindən bugünədək heç bir qonşusu ilə sərhədlərini delimitasiya etmədiyi bir şəraitdə delimitasiyanın Ermənistanın iddia etdiyi kimi yalnız bir xəritə əsasında edilməsi iddiası heç bir məntiqə sığmır.
Ermənistanın Azərbaycanın 8 kəndini işğal altında saxlaması məsələsinə bəraət qazandırmaq məqsədilə guya Azərbaycanın hansısa erməni kəndlərinin ərazisini işğal etdiyi iddiaları səsləndirməsi tamamilə yalandır. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olaraq, eləcə də beynəlxalq humanitar hüququ pozaraq Azərbaycanın 8 kəndini işğal edib, oradakı əhaliyə qarşı kütləvi qırğınlar törədib.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranan bir dövrdə Ermənistanın baş nazirinin sülh prosesində növbəti dəfə şərtlər irəli sürməsi bu ölkənin tarixdən dərs çıxarmadığını nümayiş etdirir", -XİN-in şərhində qeyd edilib.