Azərbaycanda KOB klasteri yaratmaq istəyən kommersiya hüquqi şəxsləri onun şəhadətnaməsini almaq üçün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.
FED.az xəbər verir ki, bu barədə KOBİA-nın sahibkarlara müraciətində bildirilib.
Məlumata görə, quruma müraciətlər yazılı formada (Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) və yaxud elektron qaydada ([email protected]) təqdim edilməlidir. Şəhadətnaməni almaq üçün lazım olan sənədləri KOBİA-nın www.smb.gov.az saytından əldə etmək olar.
KOB klasteri - eyni və yaxud oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibət quraraq əlaqəli, bir-birini tamamlayan, birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klasteri iştirakçılarının məcmusudur. Vergi Məcəlləsində KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klasteri fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasterinin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və yaxud gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və yaxud gəlir vergisindən azad olunur.
KOB klasteri barədə ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/kob-klaster