FED.az saytı Araz Supermarketlər şəbəkəsinin İctimaiyyətlə Əlaqələr üzrə nümayəndəsi Elvin Babayevlə olan müsahibəni təqdim edir:
-Elvin bəy öncəliklə qısa da olsa özünüz barədə oxucularımıza məlumat verərdiniz.
Mən Elvin Babayev Bakı Dövlət Universitetində jurnalistika fakultəsini bitirmişəm. Əmək fəaliyyətimə Xəzər televiziyasında başlamış, daha sonra bir sıra qəzet və xəbər portallarında çalışmışam. İlk dəfə ictimaiyyətlə əlaqələr mütəxəssisi kimi “Mətanət A” şirkətində fəaliyyətə başlamışam, hal hazırda isə “Veysəloğlu Qrup”-da İctimaiyyətlə Əlaqələr departamentində çalışıram. Fəaliyyət istiqamətim Araz, SPAR, Favorit supermarketlər və OBA marketlər şəbəkəsində ictimaiyyətlə əlaqələrin qurulmasıdır. Eyni zamanda ”Azerbaijan Public Relations Specialist Association”-nın üzvüyəm.
-Sizin üçün PR nədir? Çox insanlar üçün bu sahənin yeni olduğu bir zamanda PR-ı insanlara necə izah edə bilərsiniz?
Bəri başdan qeyd edim ki, mən fikirlərimi bacardığım qədər sadə formada çatdıracağam. Mənim üçün PR bir sənətdir. Bu elə bir sənətdir ki, nəsnələri məhv etmək və ya insanların sevimlisinə çevirmək imkanları var. İctimaiyyətlə əlaqələr şəxsin, qurumun, məhsulun, xidmətin və s.-nin müsbət və ya mənfi imicinin formalaşdırılmasına xidmət edir. Bunun üçün ictimaiyyətlə əlaqələr şöbəsi cəmiyyəti maraqlandıran, onlarda fikir formalaşdıran məlumatları toplamağı və lazımi formada ictimaiyyətə çatdırmağı bacarmalıdır.
-Bəzən PR və reklamı eyniləşdirirlər. Siz necə düşünürsünüz?
Təbii ki, reklam və PR-ın ortaq cəhətləri çoxdur. Hətta mən reklamı marketinqlə yanaşı PR-ın da aləti olaraq görürəm. Marketinqdə reklam böyük xərclər hesabına tez bir zamanda satış hədəflərinə çatmaq üçün vasitədirsə, PR-da reklam imic formalaşdırmaq üçün bir alətdir. Yəni çəkilən video çarx imic xarakterlidirsə qısa zamanda satışa təsir etməyə bilər. Yox əgər video çarx “məni al” deyə bağırırsa bu reklamdır. Reklam bizim cəmiyyətimizdə şübhələr yaradır. Çünki reklam olunan məhsullar bəzən istehlakçının gözlədiyi nəticəni vermir. Beləliklə bu proses bir neçə dəfə təkrarlandıqdan sonra insanların reklamlara güvəni itir. PR-da isə bu belə deyil. Müştəriyə “bu vacibdir”, “bu sənə lazım ola bilər”, “mən istifadə etmişəm, ən yaşısı odur” və s. deyərək üçüncü şəxsin dilindən çıxış edərək güvən yaradır. Bütün hallarda tək və dəyişməz bir qayda var. Təqdim etdiyiniz məhsul və ya xidmət mükəmməl olmalıdır. Ən əsası siz öz məhsulunuza, xidmətinizə və şirkətinizə səmimi qəlblə inanmalı və güvənməlisiniz.
-PR-ın yeri dövlət və özəl sektorunda necə olmalıdır?
Dövlət idarə və təşkilatlarında ictimaiyyətlə əlaqələr şöbəsinin işi bir qədər fərqlidir. Çünki burada media ilə iş mətbuat katibləri tərəfindən həyata keçirilir. Bundan başqa dövlət idarə və təşkilatlarında ən yaxşı halda xidmət var. Yəni satılacaq məhsul yoxdur. Eyni zamanda xüsusi nəzarət sistemi mövcuddur. Ona görə də demək olar ki, bu sahədə ictimaiyyətlə əlaqələr öz funksiyasını tam olaraq həyata keçirə bilmir. Özəl sektorda isə ictimaiyyətə məhsul və xidmət satılır. Bəyənən alır, bəyənməyən isə almır. Hər iki halda isə “müşətəri” müsbət və ya mənfi fikir bildirir. Məsələ müsbət rəyi PR-a çevirəmək, mənfi fikirləri isə araşdırıb səbəbini aradan qaldıra bilməkdir. Bundan başqa özəl sektorda PR-ın yeri ilə bağlı mübahisələr var. Marketinq nümayəndələri PR-ı marketinqin aləti olaraq görür. Bəzi PR menecerlər isə PR şöbəsini tam müstəqil formalaşdırır. Mənim yanaşmam orta mövqedir. Yəni düşünürəm ki, marketinqlə PR bir-birinə sıx bağlıdır. Marketinq PR olmadan öz kampaniyalarını uğurla həyata keçirə bilməz. Əgər siz məhsul və ya xidmət satan bir şirkətdə çalışırsınızsa o zaman mütləq PR fəaliyyətiniz satış istiqamətli olmalıdır. Bunun üçün də PR strategiyası illik marketinq strategiyasına uyğun qurulmalıdır. Təbii ki, şirkətin, məhsulun və ya xidmətin ümumi imici bu satış strategiyasının tərkib hissəsi ola bilməz. Lakin bütün hallarda bu müsbət imic satmağa kömək etməlidir.
-Necə düşünürsünüz ölkəmizdə PR strategiyaları və əlaqələri düzgün qurulubmu?
Düşünürəm ki, Azərbaycanda uğurlu PR fəaliyyətləri azdır. Səbəb isə hər yerdə eynidir. Ya maliyyə çatışmazlığı ya da PR menecerin öz işini dərindən bilməməsidir. Fikrimcə dünyada kifayət qədər ideyalar mövcuddur. Bəzi ideyaların tətbiqinin ya vaxtı yetişməyib, ya da dövrün tələblərinə cavab vermir. Bununla yanaşı gündəmdə olan ideyalar da var ki, biz onlardan yararlanmağı bacarmalıyıq. Hər bir şirkət illik ictimaiyyətlə əlaqələr (PR) büdcəsi formalaşdırmalıdır. Buraya müxtəlif PR aktivliklərinin təşkili, KSM layihələrin həyata keçirilməsi, sponsorluqlar, media ilə iş və s. daxil olmalıdır. Media ilə işi xüsusi vurğulamaq istəyərdim. Çünki beynəlxalq təcrübədən fərqli olaraq əkəsər PR işçiləri hazırladıqları məlumatın mediada kifayət qədər tirajlanmamasından şikayət edir. Səbəb isə sayt və qəzetlərin, ələxsus da televiziyaların şirkətdən gələn məlumatlara gəlir kimi baxmasıdır. Yani pulunu ver xəbərini yayımlayım tendensiyası. Media orqanları şirkət imicinə müsbət təsir edəcək xəbərləri paylaşmır, əksinə neqativ bir hal olduqda şişirdilmiş başlıqlarla ictimaiyyətə təqdim edirlər. Bu da qeyri-peşəkar PR menecerlərin həmin media qrumları ilə əməkdaşlığa təhrik olunmasına səbəb olur. Burada bir haşiəyə çıxaraq qeyd edim ki, bu nüans bütün media orqanlarına aid deyil. Bunu öz şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, xəbər yüklü press-reliz də media tərəfindən rəğbətlə qarşılanır və tirajlanır. Ona görə də PR menecer xəbər yaradacaq layihələr həyata keçirməli və şirkət fəaliyyətini, yeniliklərini xəbər formasına salmağı bacarmalıdır.
-Bizim bazar üçün PR nə dərəcədə vacib hesab olunur?
Ökəmizdə PR yeni sahədir. Bəzi şirkət və təşkilatlar bu sahənin vacibliyinin mahiyyətinə tam olaraq varmırlar. Məsələn, siz böyük pullar xərcləyərək bir kampaniya həyata keçirirsiniz. Televiziya və radioda bu kampaniyanı reklam edirsiniz. Kampaniyanın uğurla getdiyini düşündüyünüz bir anda bir xəbər dərc olunur, tirajlanır və insanlar arasında mənfi fikir yaradır, onlar tərəfindən kampaniya baykot olunur. Beləliklə də sizin kapaniyanın effektivliyi birdən birə sıfıra enir, krizis yaşanır. Bu o zaman baş verir ki, ya şirkətin ictimaiyyətlə əlaqələr şöbəsi yoxdur, ya da kampaniyanın detalları və geridönüşü ictimaiyyətlə əlaqələr şöbəsi ilə razılaşdırılmayıb. Cəmiyyətdə belə bir söz var “PR-ı yaxşıdır, əslində isə çox pis yerdir (məhsuldur, xidmətdir, şirkətdir və s.)”. Əgər həqiqətən də bu söz hər hansı bir şirkət üçün səsləndirilirsə o zaman ictimaiyyətlə əlaqələr şöbəsi dərhal buna müdaxilə etməli, araşdırmalı və onun həllinə nail olmalıdır. Yoxsa qısa zamanda krizis qaçılmazdır. Zamanla şirkətlər bu problemlə qarşılaşacaq və ictimaiyyətlə əlaqələr şöbəsinin vacibliyini anlayacaqlar.
-Azərbaycanda ictimaiyyətlə əlaqələr sahəsinə təhsil nə səviyyədədir?
Bildiyim qədərilə ölkəmizdə sırf ictimaiyyətlə əlaqələr mütəxəssisi ixtisasını verən təhsil müəssisəsi yoxdur. Lakin BDU-nun jurnalistika fakultəsində bu sahə iki smestr tədris olunur, tələbələrə ilkin biliklər verilir. Bu sahənin mütəxəssisləri adətən elə jurnalistlərdən formalaşır. Bakıda PR sahəsini tədris edən kurslar qənaətbəxş hesab oluna bilər. Eyni zamanda “Azerbaijan Public Relations Specialist Association” bu sahədə əməli addımlar atır. Xarici peşəkarların ölkəmizə dəvət olunaraq təlimlər və seminarlar verməsi üçün layihələr həyata keçirir. Yaxın zamanlarda baş tutacaq “İctimaiyyətlə əlaqələr mütəxəssislərinin Birinci Bakı Beynəlxalq Forumu” buna ən yaxşı nümunə olardı.
-Elvin bəy, vaxt ayırıb suallarımıza cavab verdiyinizə görə təşəkkür edirik .