Mayın 19-da Zonguldak Sənayeçi və İş Adamları Dərnəyinin İdarə Heyətinin sədri Nejdet Tıskaoğlunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) qonağı olub.
FED.az biznes və maliyyə xəbərləri portalına bu barədə ATİB-dən məlumat verilib.
Məlumata görə, görüşdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və Katibliyin rəhbəri Mehriban Əsədli iştirak ediblər.
Əvvəlcə nümayəndə heyətinə ATİB-in fəaliyyəti barədə məlumat verən Mürsəl Rüstəmov Birliyin bu günədək türk iş adamları ilə əməkdaşlığı və onlarla yerli bizneslər arasında əlaqələrin inkişaf etdirilməsindəki rolundan bəhs edib.
Zonguldak Sənayeçi və İş Adamları Dərnəyinin İdarə Heyətinin sədri Nejdet Tıskaoğlu təmsil etdiyi dərnəyin əsas fəaliyyət istiqamətləri barədə danışıb.
Dərnəyin üzvlərinin Azərbaycan bazarına daxil olmaqda maraqlı olduğunu, bu məqsədə yeni biznes və investisiya imkanlarını araşdırdığını bildirib.
Tanışlıqdan sonra qonaq heyət üzvləri və planlaşdırılan layihələri ilə bağlı təqdimat edib.
Daha sonra Azərbaycanda sənayeyə yatırım imkanları, işğaldan azad edilmiş Qarabağ iqtisadi zonasında həyata keçirilən, layihələndirilən və perspektiv layihələr, nəzərdə tutulan güzəştlər, eləcə də tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmova Zonguldak Sənayeçi və İş Adamları Dərnəyinin (ZONSİAD) adından xatirə hədiyyəsi təqdim edilib.
























