SEC (U.S. Securities and Exchange Commission) korrupsiya və dələduzluqda ittiham olunan hindistanlı milyarder Qautam Adani ilə bağlı işi dayandırıb. Tənzimləyici qurum cənab Adani, onun qardaşı oğlu Sajjar Adani və “Adani Green Energy” şirkətinə qarşı irəli sürülən ittihamlardan imtina edib. Razılaşmanın şərtlərinə əsasən, onlar 18 milyon dollar - Qautam Adani 6 milyon dollar, Saqar Adani isə 12 milyon dollar cərimə ödəyəcəklər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, ABŞ Ədliyyə Nazirliyi və Xarici Aktivlərə Nəzarət İdarəsi, hansı ki, cənab Adaniyə qarşı ayrıca araşdırmalar aparır, yaxın vaxtlarda onları başa çatdırmağı planlaşdırır.
Asiyanın ən varlı insanı olan və sərvəti 82 milyard dollardan çox qiymətləndirilən Qautam Adaniyə qarşı araşdırma 2024-cü ilin noyabrında başlanıb. O, günəş enerjisi sahəsində fəaliyyət göstərən “Adani Green Energy” şirkətinin fəaliyyəti ilə əlaqədar dələduzluq və korrupsiyada ittiham olunurdu. Daha sonra hindistanlı milyarder İrana qarşı sanksiyaların pozulmasında da ittiham edilib.
Lakin indi ABŞ hakimiyyəti bütün bu ittihamlardan imtina etməyə hazırdır. NYT yazır ki, bu qərar cənab Adaninin ABŞ prezidenti Donald Trampın şəxsi vəkillərindən biri olan Robert Cuffronun (kiçik) rəhbərlik etdiyi yeni hüquqşünaslar komandasını işə götürməsindən sonra verilib.
KİV-in məlumatına görə, hindistanlı milyarderin hüquqşünasları SEC və ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüş zamanı cənab Adaninin ABŞ iqtisadiyyatına 10 milyard dollar investisiya yatıracağını vəd ediblər.
Razılaşma xəbərindən sonra, "Adani Enterprises"in səhmləri 1,8%, rüşvət iddialarının mərkəzində olan "Adani Green" şirkətinin səhmləri isə 0,6% artıb.














