Rusiya Mərkəzi Bankı 2026-cı ilin 2-ci rübündə dünyada ən çox qızıl satan təşkilat olub.
FED.az xəbər verir ki, bu barədə Dünya Qızıl şurası məlumat yayıb. Təşkilatın xəbərinə görə, 2-ci rübdə dünyanın mərkəzi bankları rekord həddə – 289 ton qızıl alıblar.
Dünyada ən çox qızıl satan təşkilat isə Rusiya Mərkəzi Bankı olub – bu təşkilat 2-ci rübdə öz qızıl ehtiyatlarından 22 ton satıb.
Türkiyə və Almaniya mərkəzi Bankları da bu dövrdə öz qızıl ehtiyatlarını azaldıblar. Türkiyə Mərkəzi Bankı 4 ton, bundesbank isə 1 ton qızıl satıb.
Ümumilikdə isə hesabatdan aydın olur ki, 2026-cı ilin 2-ci rübündə dünyanın mərkəzi bankları qızıl alışında rekord vurublar. 3 ay ərzində mərkəzi banklar 289 ton qızıl alıblar ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir. Ötən ilin eyni dövrü ilə müqayisədə mərkəzi bankların qızıl alışı 111 ton və ya 62% artıb.
Qızılın əsas alıcıları isə Polşa və Çinin mərkəzi bankları olub. Polşa Mərkəzi Bankı 2-ci rübdə 51 ton qızıl alaraq öz qızıl ehtiyatını 632 tona yüksəldib. Çin Mərkəzi Bankı isə 33 ton qızıl alıb, hazırda burada 2 346 ton qızıl ehtiyat var.
Dünyada iri həcmdə qızıl alan digər təşkilatlar isə Özbəkistan (16 ton), Qazaxıstan (15 ton), İordaniya və Çexiya (hərəyə 6 ton) mərkəzi bankları olub.
Xatırladaq ki, dünyada ümumi geosiyasi vəziyyət, eləcə də qızılın qiymətinin aşağı düşməsi, qızıla maratı artırıb. İqtisadi və maliyyə bazarlarındakı qeyri-müəyyənlik də mərkəzi bankları öz risklərini azaltmaq üçün qızıla üstünlük verməsinə səbəb olur.















