Ötən həftə ABŞ-da İstehlak Qiymətləri İndeksinin (CPI) proqnozların üzərində dərc olunmasından sonra, cümə günü İstehsal Qiymətləri İndeksi (PPİ) sürpriz bir şəkildə kəskin azalma ilə açıqlandı.
ABŞ-da istehsal qiymətlərinin gözlənilməz enişindən sonra bazarın Federal Ehtiyatlar Sisteminin mart ayında faiz dərəcələrini endirə biləcəyi ehtimalları artaraq, Xəzinə istiqrazlarının gəlirliliyini aşağı salıb.
İnvestorlar, FED-in mart ayında indiki 5.50% səviyyəsindən 5.25%-ə endirə biləcəyi ilə bağlı gözləntilərini böyük ölçüdə qoruyub saxlasalar da, mərkəzi bankın bəzi rəsmiləri sön dövrlərdə bu ehtimalları azaltmağa çalışırlar. İndi bir çox iqtisadçı faizlərin endirilməsinə may və ya iyun aylarında başlanacağını proqnozlaşdırır.
Cari həftə ərzində isə investorlar Avrozonada və Böyük Britaniyada dərc olunacaq inflyasiya məlumatlarını diqqətlə izləyirlər. Təkcə Avrozonada və İngiltərədə deyil, potensial olaraq qlobal maliyyə bazarlarında da mərkəzi bankların faiz qərarlarının formalaşmasında mühüm rol oynaması gözlənilən bu məlumatların açıqlanması maraqla gözlənilir.
Bugün isə Bakı vaxtı ilə saat 11:00-da İngiltərədə dərc olunacaq əmək bazarna dair statistik rəqəmlər, Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPI) göstəriciləri və 19:00-da İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.