Hər kəs bitkoin virtual kriptovalyutasını izlədiyi bir zamanda maliyyə bazarlarına yeni daxil olan IOTA adlı kriptovalyuta 2 gündə 2,2 dəfə bahalaşıb. "Bloomberg" agentliyinin məlumatına görə, dekabrın 3-də 1,45 dollara satılan IOTA, hazırda 3,21 dollara qədər bahalaşıb. Bununla yanaşı, yeni kriptovalyutada alqı-satqı əqdlərinin həcmi 1,13 mlrd. dollara, IOTA-nın kapitallaşması isə 8 mlrd. dollara çatıb.
IOTA-nın bahalaşmasına səbəb onun təminatçısı olan Almaniyanın IOTA komandasının "Fujitsu", "Microsoft" və "Samsung" kimi nəhəng şirkətlərlə ortaqlığa başlaması xəbəri olub. Nəticədə, IOTA kritovaluyutalar arasında 5-ci ən bahalı kapitallaşmaya sahib olub.
IOTA-nın təsisçisi Devid Sonstebo (David Sonstebo) bildirib ki, onun yaratdığı kriptovalyutaya aid meydançada insanlar üçün müxtəlif məlumatların ötürülməsi, alınması və satılması nəzərdə tutulur. Meydançada həmçinin, proqnozlar, analitik hesabatlar, energetika, istehsalat, "ağıllı şəhər", səhiyyə və s. barədə faydalı məlumatlar yerləşdiriləcək.