"Mən inanıram ki, gələcəkdə bu texnologiya insanlar arasında münasibətlərin formalaşmasının yeni mərhələsi olacaq. Düşünürəm ki, möcvud institutlar hələ buna hazır deyil. Hal-hazırda gedən proseslər, kriptovalyutaların alqı-satqısı əsasən spekulyasiya əsaslıdır. Cəmiyyət tam olaraq bu texnologiyanı qavraya bilmir və adaptasiya olmayıb. Ümumiyyətlə bir yeniliyin tam olaraq formalaşması və tətbiq olunması üçün kritik kütlə formalaşmalıdır".
Bunu "Ultra" şirkətinin baş direktoru olmuş Millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə, Blockcahin-in tam tətbiq olunması üçün də bu kritik kütlə hələ tam formalaşmalıdır:
"Kritik kütlə cəmiyyətin bəzən 20-30%-ni də təşkil edə bilər. Amma hal hazırda biz blockcahində bunu görə bilmirik. Təbii ki, Azərbaycan da bu mövzuda maraqlıdır və artıq blockchain əsaslı data cetnter də yaradılıb, bu yaxınlarda açılışı oldu. Mərkəzi Bank da kriptovalyutalara olan marağını ifadə etdi.
Ümumilikdə götürsək, hal-hazırkı kağız pullar zamanla ölümə məhkumdur. Texnologiyanın tələbi ilə uyğunlaşmaq lazımdır. Daha az xərc tələb edən və daha çox dəyər yaradan vasitələrə keçid etmək mütləqdir. Zamanla bu baş verəcək".