Venesuela, ölkənin "El Petro" kriptovalyutasının təmin edilməsi üçün 5 mlrd. barel neft ehtiyatı ayırıb. TASS agentliyinin məlumatına görə, bunu ölkə prezidenti Nikolas Maduro "Venezolana de Television" telekanalına müsahibəsində bildirib.
"El Petro"nun təminatı üçün Orinoko çayının neft hasil olunan zolağında sertifikatlaşmış "№1 Ayakuço" yatağını təqdim edirəm", - deyə Prezident qeyd edib. Bu yataqda xarici konsaltinq şirkətləri tərəfindən təsdiqlənmiş 5 mlrd. barel neftin olduğu bildirilir.
"Hər "El Petro"ya 1 barel neft ayırıram. Bütün ölkədə kriptovalyutanın mayninqi təmin ediləcək. Gələcəkdə "Arko Minero" qızıl yatağı və almaz yataqları da dəstək kimi bu işə ayrılacaq", - deyə Maduro əlavə edib.
Xatırladaq ki, Venesuela son illərdə kəskin iqtisadi böhranla mübarizə aparır. Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatına görə, bu il Venesuelada 652,7%, 2018-ci ildə isə 2 349,3% inflyasiya gözlənilir.