ABŞ hökuməti kriptovalyutaların dövriyyəsinə rəsmi icazə verdikdən sonra bir sıra ölkələr bu sahədə aktivləşməyə başladı.
FED.az xəbər verir ki, artıq Azərbaycanda da kriptovalyutaların ödəniş vasitəsi kimi istifadəsi genişlənir. Tezliklə “PSG Capital” şirkətinin kriptovalyuta sahiblərinə fyuçers müqavilələr vasitəsilə xidmət göstərməyə hazırlaşır. Xidmətin detalları barədə yaxın günlərdə məlumat açıqlanacaq.
Qeyd edək ki, Türkiyə də bitcoinin ticarəti ilə bağlı rəsmi sənədlərin işlənməsinə start verib. Artıq müvafiq qanun layihələri hazırlanır. Son məlumatlara görə, bitcoinin pul və ya əmtəə kimi qanunda öz əksini tapması ilə bağlı fikir ayrılığı yaranıb. Belə ki, Türkiyə hökuməti kriptovalyutaları əmtəə kimi tanıya bilər və bu zaman ona vergi tətbiq ediləcək. Azərbaycanda kriptovalyutaların dövriyyəsinin artdığını nəzərə alsaq, artıq hüquqi bazanın tənzimlənməsi aktuallaşıb.
Xatırladaq ki, ABŞ-ın Təcili Birja Ticarəti üzrə komissiyası ötən ilin sonunda bitcoin fyuçersləri ilə ticarətə razılıq verib. Razılığa əsasən, hələlik fyuçerslərlə "CME Group Inc." və "Cboe Global Markets Inc." şirkətləri ticarət edə bilərlər. Artıq "CME Group Inc." dekabrın 18-dən etibarən ticarətə start verib. ABŞ hökuməti eyni zamanda kriptovalyuta mübadiləsinə vergi tətbiq edəcək. Bununla bağlı prezident Donalt Trampın imzaladığı yeni qanun artıq qüvvəyə minib. Yeni qanunla kriptovalyutalar daşınmaz əmlak kateqoriyasından çıxaraq ödəniş vasitəsi kimi qeydə alınır.
Qeyd edək ki, 2014-cü ilin martda ABŞ-ın vergi idarəsi bitkoin və digər kriptovalyutaları daşınmaz əmlak kimi qeydə almışdı. Bu isə hər hansı əməliyyatlar zamanı vergi ödənilməsini nəzərdə tutmurdu.
Azərbaycan kriptovalyutaların ticarətinə başlayır
17:32
4 Yan 2018