Azərbaycanın ən böyük bankı, ölkənin bank sektorunun lideri olan ABB Bank biznes müştəriləri üçün yeni AZAL Miles Business kartlarını istifadəyə verib.
Bu kartların digər biznes kartlardan fərqi odur ki, yeni kartlar vasitəsilə şirkətlər biznes və ezamiyyət xərclərini ödəməklə yanaşı, AZAL-dan uçuş milləri toplaya, əməkdaşları isə müxtəlif səyahət imtiyazlarından yararlana bilərlər.
Xatırladaq ki, indiyədək pulsuz uçuş üçün millərin toplanmasına imkan verən kartlardan yalnız fərdi şəxslər istifadə edə bilirdi. İndi isə bu imkan biznes üçün də əlçatan olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ABB-nin yeni AZAL Miles Business kartları şirkətlər, fərdi sahibkarlar və onların əməkdaşları üçün nəzərdə tutulub.
Kartla ödənişlər aparılanda buna uyğun millər hesablanır, və bu millər şirkətin və ya əməkdaşın AZAL Miles hesabında toplanır. Bu kartla toplanan millərdən aviabilet almaq, uçuş zamanı xidmət sinfini yüksəltmək, status balına çevirmək və AZAL Miles proqramının digər xidmətlərindən istifadə etmək üçün istifadəetmək olar.
Kart sahiblərinə kartın növündən asılı olaraq 2 000-dək və 9 000-dək Xoşgəldin mili, Fast Track, hava limanına transfer və Lounge zallarına giriş kimi əlavə üstünlüklər təqdim olunur. Kartlar 5 il müddətinə verilir.
Məsələn, ABB-AZAL Miles Visa Platinum kartı ilə hər 2 manatlıq uyğun ödənişə 1 mil, Platinum Abunəlik kartı ilə isə hər 3 manatlıq uyğun ödənişə 1 mil hesablanır. Milləri ABB Mobile və AZAL mobil tətbiqlərində izləmək mümkündür. Qazanılan millər ilkin olaraq 14 günlük gözləmə statusunda saxlanılır, müddət başa çatdıqdan sonra istifadəyə açılır.
Visa Platinum kart sahibləri il ərzində 10 dəfə Bakı, İstanbul, Alanya, Antalya, Bodrum, İzmir, Dubay və Əbu-Dabi hava limanlarına transfer xidmətindən pulsuz yararlana bilərlər. Xidmət istənilən aviaşirkətin reysi ilə səyahət edənlər üçün keçərlidir. Hər avtomobildə maksimum 4 nəfərin daşınması nəzərdə tutulur.
Bundan başqa, kart sahibləri il ərzində 10 dəfə Bakı və beynəlxalq hava limanlarında Fast Track xidmətindən istifadə edə bilərlər. Bu imkan qeydiyyat, təhlükəsizlik və pasport nəzarəti mərhələlərində növbəsiz və ya sürətləndirilmiş keçid imkanı yaradır.
Transfer və Fast Track xidmətlərindən istifadə üçün isə əvvəlcədən Visa Konsyerj vasitəsilə sifariş vermək tələb olunur. Həmçinin, xidmətlərin aktivləşdirilməsi üçün son 35 gün ərzində (son 5 gün istisna olmaqla) Apple Pay və ya Google Pay vasitəsilə kartla müəyyən məbləğdə ödəniş şərti tətbiq edilir. Bakı üzrə transfer və Fast Track üçün bu məbləğ 500 manat, Türkiyə və BƏƏ-də transfer üçün isə 5 000 manatdır.
Toplanan millərdən istifadə etməyin ən yaxşı üsullarından biri də səyahət etməkdir. Məsələn, Bakı-Moskva uçuşuna bilet almaq üçün 10 min 500 mil lazımdır. Bu milləri toplamaq üçün Visa İnfinite kartları ilə 15 min 750 manat, Visa Platinum kartları ilə 21 min manat xərcləmək lazımdır.
Bu o deməkdir ki, aylıq xərcləri təxminən 15 min manat olan şirkət elə öz aylıq xərcini Visa İnfinite kartları ilə ödəyərək millər toplasa, bu millər ona Bakı-Moskva uçuşuna bilet almağa kifayət edəcək. Müştərinin kartı Visa Platinum olduqda isə aylıq 15 min manat xərclə Bakı-Moskva uçuşuna bilet almaq üçün 1,4 ay mil toplamaq kifayət edəcək.
Qeyd edək ki, ABB Mobile tətbiqi və ABB POS terminalları vasitəsilə QR kodla edilən ödənişlərə görə mil hesablanmır.
Kartlar və onların üstünlükləri barədə ətraflı məlumatı ABB-nin rəsmi internet səhifəsindən (abb-bank.az), filiallarından və 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.















