«Mərkəzi Bankın yeni prudensial tələbləri nisyə mal alqı-satqısı ilə məşğul olan şirkət və fərdi sahibkarların kreditlərinin qiymətləndirilməsinə təsir edəcək».
Şirkətlər gündəlik xərcləri hesabına - Pulsuz təyyarə bileti alacaqlar – ABB-DƏN YENİLİK
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalına açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının eksperti, «Bank of Baku»nun - Kiçik və Orta biznes Bankçılıq departamentinin direktor müavini İsmayıl Məmmədov Azərbaycan Mərkəzi Bankının bankların kredit risklərini qiymətləndirməsi ilə bağlı 15 sentyabr 2026-cı il tarixli 39/3 saylı qərarının barədə danışarkən bildirib.
Xatırladaq ki, sözügedən qərar nisyə satışla məşğul olan sahibkarlara kredit verən bankların kredit risklərinə yanaşmanı dəyişir.
Belə ki, bundan sonra, banklar sahibkarların nisyə satış portfelinin həcmi və alıcılarının sayı barədə təqdim etdiyi məlumatları kredit bürosuna ötürülən məlumatlarla da müqayisə edəcəklər. Göstəricilərdən hər hansı biri üzrə uyğunluq 90%-dən aşağı olarsa, kreditin qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilməsi üçün əsas yaranacaq».
İsmayıl Məmmədovun sözlərinə görə, Mərkəzi Bankın 15 sentyabr 2026-cı il tarixli 39/3 saylı qərarı ilə müəyyən edilən yeni meyar bankların kredit risklərini qiymətləndirməsində məlumatların uyğunluğuna və şəffaflığına verilən əhəmiyyəti artırır:
«Yeni yanaşmaya əsasən, banklar artıq yalnız sahibkarın satış dövriyyəsinin həcmini deyil, həmin satışlarla bağlı müxtəlif mənbələrdə əks olunan məlumatların bir-birinə nə dərəcədə uyğun olduğunu da nəzərə alacaqlar. Başqa sözlə, nisyə satış portfelinin ümumi həcmi və alıcıların sayı barədə banka təqdim edilən məlumatlar kredit bürosuna təqdim olunmuş müvafiq göstəricilərlə müqayisə ediləcək».
FED.az xatırladır ki, qanunvericiliyə əsasən, nisyə mal satışı ilə məşğul olan təşkilatlar öz müştəriləri barədə məlumatları Kredit Bürosuna təqdim etməlidirlər.
Eyni zamanda belə sahibkarlar bankdan kredit alarkən kredit almaq istədikləri banka da öz kredit portfeli, yəni müştərilərinə vergiyi nisyə mallarla bağlı ətraflı məlumat verməlidirlər. İndiyədək bu məlumatlar «bir-birini görmürdü». Yəni nisyə satıış ilə məşğul olan şirkət Kredit Bürosuna bir, banka isə fərqli məlumat verə bilərdi. Bu isə həmin şirkətə kredit ayıran bank üçün yeni risk demək idi. İndi isə bu məsələyə nəzarət güclənəcək.
İsmayıl Məmmədov qeyd edib ki, məlumatlar arasında yaranan fərqlər mütləq şəkildə qəsdən təhrifə yol verilməsi demək deyil: «Belə uyğunsuzluqlar uçot sistemlərinin düzgün qurulmaması, məlumatların vaxtında yenilənməməsi və ya texniki səbəblərdən də yarana bilər. Yeni yanaşmanın əsas məqsədi sahibkarı cəzalandırmaq deyil, bankın gördüyü riskin real olub-olmadığını müəyyən etməkdir. Bank kredit qərarı verərkən sahibkarın nisyə satış portfelinin həcmini, alıcıların sayını və portfelin keyfiyyətini düzgün qiymətləndirmək istəyir».
Direktor müavinin sözlərinə görə, nisyə və taksit satışları nəticəsində yaranan maliyyə öhdəliklərinin düzgün uçotu artıq yalnız ayrı-ayrı ticarət obyektlərinin daxili məsələsi hesab edilə bilməz:
«Bu məsələ, istehlakçıların, sahibkarların, bankların və bütövlükdə maliyyə sisteminin risklərinin idarə olunması baxımından əhəmiyyətlidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsi il ərzində 4%-ə yaxın artaraq 67,6 milyard manat təşkil edib. Bunun 30,7 milyard manatı qeyri-ərzaq məhsullarının payına düşüb. Bu rəqəmlərin fonunda nisyə və taksit satışlarının yaratdığı öhdəliklərin şəffaf və düzgün uçotunun əhəmiyyəti daha da artır. Çünki həmin satışlar təkcə ticarət dövriyyəsinin bir hissəsi deyil, eyni zamanda maliyyə öhdəlikləri və potensial kredit riskləri yaradır».
«100 min manatlıq həddlə 90%-lik meyar fərqli anlayışlardır»
İsmayıl Məmmədov xatırladar ki, hələ 2025-ci ildə “Kredit büroları haqqında” qanunvericiliyə edilən dəyişikliklər kredit bürosuna məlumat təqdim edən şirkət və sahibkarlarla bağlı əvvəlki xüsusi yanaşmanı dəyişib:
«Əvvəlki qanunvericilikdə təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 min manatdan çox olan pərakəndə satıcıların məlumat təqdim etməsi ayrıca nəzərdə tutulurdu. Lakin 100 min manatlıq hədlə yeni prudensial qaydada müəyyən edilən 90%-lik uyğunluq meyarı fərqli məsələləri tənzimləyir.
Belə ki, 90%-lik göstərici bankın kreditin keyfiyyətini qiymətləndirməsi ilə bağlıdır. Bu meyar nisyə satış portfelinin həcmi və alıcıların sayı barədə banka və kredit bürosuna təqdim edilən məlumatların uyğunluq səviyyəsini müəyyənləşdirir»
«Kiçik biznes üçün əlavə inzibati yük yarana bilər»
Yeni qayda bankların risklərini azaltmağa kömək etsə də, sahibkarlar üçün əlavə çətinliklər, daha dəqiqi maliyyə yükü yarada, onların xərclərini artıra bilər. İ.Məmmədovun sözlərinə görə, yeni tələblər xüsusilə uçot sistemləri lazımi qədər inkişaf etməmiş kiçik şirkət və sahibkarlar üçün müəyyən çətinliklər yarada bilər:
«Belə ki, sahibkarlar əlavə məlumatları sistemləşdirməli, mühasibat uçotunu və proqram təminatını təkmilləşdirməli, məlumatları vaxtında yeniləməli, eləcə də müxtəlif sistemlərdəki göstəricilərin uyğunluğunu təmin etməlidirlər. Bu proses ilkin mərhələdə sahibkarlar üçün əlavə xərc və inzibati yük deməkdir. Bununla belə, uzunmüddətli perspektivdə həmin dəyişiklikləri biznesin şəffaflığına və idarəetmə keyfiyyətinə yönəlmiş investisiya kimi qiymətləndirmək olar».
«Şəffaf biznes - bank üçün daha ölçülə bilən biznesdir. Risklərin daha dəqiq qiymətləndirilməsi isə banklara kredit qərarlarını düzgün vermək və sahibkarlara daha sağlam maliyyələşmə imkanları yaratmaq üçün şərait yaradır»-deyə ABA-nın eksperti bildirir.
Onun sözlərinə görə, əvvəllər sahibkar üçün əsas suallardan biri “Nə qədər satış edirəm?” idisə, indi bununla yanaşı, “Satışlarım maliyyə sistemində necə görünür?” sualı da əhəmiyyət qazanır. Çünki müasir bankçılıqda - sahibkarın kredit qabiliyyətini qiymətləndirəndə təkcə dövriyyənin həcmi deyil, məlumatın keyfiyyəti də mühüm rol oynayır.
«Bank üçün şəffaf biznes daha ölçülə bilən risk, daha düzgün kredit qərarı və daha sağlam maliyyələşmə deməkdir. Nisyə satış sadəcə satış deyil, eyni zamanda kiçik bir kredit portfelidir. Sahibkar həmin portfeli necə idarə edirsə, bank da onun biznes riskini buna uyğun qiymətləndirir. Şəffaflıq sahibkar üçün cəza deyil, bank qarşısında etimad kapitalıdır», – deyə İsmayıl Məmmədov əlavə edib.















