Gələn ildən Azərbaycanda yeni idxal və ixrac gömrük rüsumları tətbiq olunacaq. Belə ki, Nazirlər Kabineti bununla əlaqədar “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ni təsdiq edib.
FED.az xəbər verir ki, yeni qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minir. Nazirlər Kabineti müvafiq olaraq 2001-ci il 12 aprel tarixli, 80 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri” və “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”ni ləğv edib.
Yeni qərarın sektora təsirini şərh edən avtomobil bazarı üzrə ekspert Rəşad Quliyev bildirdi ki, bu seqmentdə vəziyyət o qədər ürəkaçan olmasa da, alqı-satqı davam edir: “Qeyd etdiyimiz kimi, gömrük və vergi rüsumlarının qaldırılması şayiələrinə inanan insanlar yeni ili gözləmədən artıq işlənmiş və ya yeni avtomobil almağa başlayıblar. Lakin bu gün həmin şayiə öz təsdiqini rəsmən tapdı. İndiyə qədər qüvvədə olan idxal və ixrac gömrük rüsumlarının dərəcələri ləğv edilərək dəyişdirildi. İdxal rüsumlarının dəyişməsi hər bir sektor kimi avtomobil bazarına da öz təsirini faiz dərəcəsindən asılı olaraq qismən və ya kəskin şəkildə göstərəcəkdir. İdxalda artıq “dizini yerə qoymaqla” üzləşən avtomobil bazarında yeni ildən hansı qiymətlərin olacağını dəqiq demək olmasa da, qiymətlərin artacağı qaçılmazdır”.
Ekspertin sözlərinə görə, buna səbəb həm milli valyutamızın xarici valyuta qarşısında getdikcə dəyər itirməsi həm də gömrük rüsumlarına edilən yeni dəyişiklikdir: “Yeni qanun qüvvəyə minəcəyi tarixə kimi, köhnə (indiki) rüsumlarla gömrük etmək istəyən insanlar dayanmadan ilin sonuna kimi avtomobil və ya digər malları ölkəyə idxal edəcəklər. Təbii ki, bundan faydalanan yalnız avtomobil dəllalları və iş adamları olacaq. Sonradan isə bazarda süni qiymət artımının yaranması labüddür. Köhnə qiymətlə gömrük olunaraq ölkəyə gətirilən avtomobil və ya digər mallar stokda saxlanılaraq, yanvar ayının 1dən sonra yeni qiymətlə satışa çıxarılacaq. Nazirlərin kabineti isə dəyişikliklərə, gömrük-tarif mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi fəaliyyətin səmərəliliyinin artırılması, ölkədə rəqabətədavamlı məhsulların istehsalı, daxili bazarın qorunması və qeyri-neft sektorunun davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsi, idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi, habelə “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” qanuna uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli fərmanına və “Gömrük tarifi haqqında” qanunun tətbiqi barədə” 2013-cü il 4 iyul tarixli fərmanına əsasən belə bir qərar qəbul etdiyini bildirir. Sonda isə qeyd edim ki, dəyişikliklər yalnız idxal və ixrac gömrük rüsumlarının faizlərinə şamil edilib. Aksiz və ƏDV kimi vergi rüsumlarının dəyişdirilib və ya dəyişdirilməməsi hələ də sual altındadır”.
oxu.az