Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı hökumətin planlarının bir hissəsi açıqlanıb.
FED.az xəbər verir ki, ölkəyə gətirilən elektronmobillər üçün gömrük rüsumunun sıfıra endirilməsi nəzərdə tutulur.
Bu «Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı 2022-ci il üçün Yol Xəritəsi» sənədinin müzakirəsində bildirilib.
Müzakirələ Dövlət Gömrük Komitəsi, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, İqtisadiyyat, Maliyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat, Energetika nazirlikləri, Mərkəzi Bank, AQTA, KOBİA, ASAN Xidmət və digər təşkilatların nümayəndələri, eləcə də özəl sektorun (avtomobil sataşa şirkətlərinin – FED.az) təmsilçiləri iştirak edib.
Toplantıda əsas məsələlərdən biri xaricdən gətirilən elektromobillərin gömrük rüsumundan azad edilməsi barədə olub. Qeyd edək ki, xaricdən gətirilən elektrik avtomobilləri və hibrid maşınlar artıq ƏDV-dən (18%-dir) azad edilib.
İndi isə onların gömrük rüsumundan (15%-dir) azad edilməsi müzakirə edilir.
Söhbət ölkəyə gətirilən mallara gömrük rüsumlarının nəzərdə tutulduğu Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarına dəyişiklik edilməsindən gedir.
Amma iclasın nəticələrindən məlum olub ki, gömrük rüsumundan azad edilmə hibrid maşınlara aid olmayacaq, söhbət yalnız elektromobilərdən gedir.
Bundan başqa, FED.az xəbər verir ki, yenilik yalnız təzə avtomobillərə aid olacaq. Belə ki, qərara dəyişiklik layihəsinə əsasən, yalnız o elektronmobillərdən rüsum tutulmayacaq ki, zavod buraxılış tarixi 1 ili ötməsin.
Qeyd edək ki, belə yanaşma nəticəsində rüsumdan azad olunma barədə yenilik Azərbaycanda il ərzində cəmi bir neçə yüz maşına aid olacaq.
Belə ki, Dövlət Gömrük Komitəsinin rəsmi məlumatlarına görə, 2021-ci ildə ölkəyə 85,2 min minik avtomobili gətirilib. Onlardan 12,9 mini hibrid, cəmi 160 ədədi isə elektromobildir. Başqa sözlə, qərara təkli edilən dəyişiklik keçən il tətbiq olunsaydı, ölkəyə gətirilən 85,2 min minik maşının yalnız 160-a, yəni 0,2%-nə şamil edilərdi. O da bir şərtlə ki, bu 160 avtomobilin hamısı 2021-ci il istehsalı olsun.
Oxşar vəziyyət bu il də davam edir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yanar ayında ölkəyə gətirilən 5200 avtomobildən cəmsi 13-ü elektromobildir (onlarında hansı ildə buraxıldığı məlum deyil).
Nəticədə ekoloji təmiz avtomobillərin təbliğatı və stimullaşdırılması ilə bağlı çoxdan gözlənin yenilik və gömrük rüsumu gözəşti ölkəyə gətirilən avtomobillərin ən yaxşı halda cəmi 0,2%-nə şamil ediləcək.
Elektromobillərin istehsalı tarixi ilə bağlı 1 il tələbinə gəlincə – FED.az xəbər verir ki, Azərbaycanda belə avtomobillər çox bahalıdır və qiymətlər o qədər yüksəkdir ki, həta gömrük rüsumu sıfır dərəcə ilə tətbiq edilsə də, əksəriyyət bu avtomobilləri əldə etmək imkanına malik deyil.
Azərbaycanda istehsal tarixi bir ili keçməyən avtomobillərin qiyməti 28 min dollardan 137 min avroyadək dəyişir.