Bu gün keçirilən hərraclarda həm dövlət qurumlarına, həm də bank sektoruna məxsus avtomobillərin satışı baş tutub.
"Hyundai", "Toyota" və "Lexus"lar start qiymətindən yüksək qiymətlərlə satıldı - SİYAHI
FED.az xəbər verir ki, hərracların nəticələri maraqlı rəqəmlərlə yadda qalıb.
Ən diqqətçəkən satış “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus avtomobilin satışı olub. Bankın balansında olan 2019-cu il istehsalı “Hyundai Elantra” markalı minik avtomobili ilkin olaraq 16 800 manata satışa çıxarılıb. Lakin alıcı marağı yüksək olduğundan qiymət 19 000 manata qədər yüksəlib və avtomobil həmin məbləğə satılıb.
Digər hərracda isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus ümumilikdə 9 ədəd müxtəlif markalı avtomobil satışa çıxarılıb. Onlardan 6 ədəd avtomobil üçün ilkin satış qiyməti 12 300 manat, 3 ədəd avtomobil üçün isə 6 200 manat müəyyən olunmuşdu. Hərracın nəticələrinə əsasən, bu avtomobillər müvafiq olaraq 12 430 manat və 6 270 manat məbləğlərinə alıcı tapıb.
Beləliklə, Müdafiə Nazirliyinə məxsus avtomobillərin ümumi satış dəyəri 18 700 manata yaxın, “Azərbaycan Beynəlxalq Bankı”nın isə 19 000 manat təşkil edib.












