Böyük Britaniyada avtomobil istehsalı may ayında son 76 ilin ən aşağı səviyyəsinə düşüb.
FED.az xəbər verir ki, ölkədə cəmi 49 min 810 avtomobil istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1/3 azalma deməkdir. 2020-ci ildəki pandemiya dövrü istisna olmaqla, bu göstərici 1949-cu ildən bəri ən aşağı rəqəmdir.
Britaniyanın Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyəti (SMMT) istehsalın bu qədər azalmasını əsasən ABŞ-a ixracın kəskin düşməsi ilə əlaqələndirir. Belə ki, mart ayında ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi 25 faizlik idxal rüsumları bir çox avtomobil istehsalçısını bu ölkəyə göndərişləri dayandırmağa vadar edib. SMMT bildirir ki, iyun ayının sonunadək ABŞ-ın Britaniya avtomobillərinə tətbiq etdiyi rüsumlar ləğv ediləcək, bu isə gələcək üçün müəyyən nikbinlik yaradır.
İstehsalın azalmasına başqa səbəb isə zavodların elektrikli avtomobil istehsalına uyğunlaşdırılmasıdır. (Azərtac)