Bolt şirkəti Bakı və Sumqayıt şəhərlərində test rejimində elektrik skuterlərinin icarəsi xidmətinə başlayıb.
FED.az şirkətə istinadən xəbər verir ki, xidmət yanvarın 26-dan Bakı şəhərində, 27-dən isə Sumqayıt şəhərində fəaliyyət göstərəcək.
Bolt elektrik skuterindən istifadə etmək üçün bir neçə sadə addımı yerinə yetirmək lazımdır: skuteri Bolt proqramı vasitəsilə və ya küçədə tapın, sonra onu kiliddən çıxarmaq üçün QR kodu skan edin və təhlükəsizlik və yol hərəkəti qaydalarına riayət etməklə səyahətdən həzz alın.
Təhlükəsiz səfərlər Bolt şirkətinin prioritetidir. Buna görə tətbiqdə xüsusi hazırlanmış təhlükəsizlik alətləri dəsti var, buraya aşağıdakılar daxildir:
Yeni başlayanlar üçün rejim: maksimum sürətin saatda 15 km-ə qədər məhdudlaşdırılması və elektrik skuterdən düzgün istifadəyə dair tövsiyələr.
Təhlükəsizliklə bağlı tövsiyələr: məsuliyyətli və təhlükəsiz idarə etmək üçün xatırlatma.
Yerli qaydalar: yerli mikromobillik qaydaları ilə bağlı məlumat.
Səyahətinizi başa vurduqdan sonra, elektrik skuteri düzgün park etmək də vacibdir. Tətbiqdə icazə verilən parkinq zonalarını nəzərdən keçirə bilərsiniz. Skuteri saxlamağın qadağan olunduğu yerlər qırmızı rənglə qeyd olunub.
Elektrik skuterin icarə haqqına avtomobilin kilidinin açılması qiyməti və ondan istifadə dəqiqəsi daxildir. Bakıda skuterin kiliddən çıxarılması 0,5 AZN, səyahətin bir dəqiqəsi isə 0,15 AZN-ə başa gələcək. Xidmət haqqı kredit kartı ilə ödənilir.