Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə ilə bağlı təbliğat aparılacaq.
Eləcə də bax: Bahalı avtomobilər və mallar üçün - GÖMRÜK RÜSUMLARI ARTIRILACAQ
FED.az "apa"ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Sənədə əsasən, Milli Televiziya və Radio Şurası, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Federasiyası mütəmadi olaraq kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin çıxdaş edilməsinin vacibliyi və əhəmiyyəti barədə ölkə əhalisi arasında davamlı təbliğat işinin aparılmasını təmin etməlidir.
Milli Televiziya və Radio Şurası, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı Nəqliyyat Agentliyinə mütəmadi olaraq Kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə, ekoloji cəhətdən təmiz, o cümlədən maliyyə qənaətliliyi baxımından elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin vacibliyi və əhəmiyyəti barədə ölkə əhalisi və müvafiq dövlət orqanları arasında davamlı təbliğat işinin aparılması da tapşırılıb.