Müvafiq qanunda da göstərildiyi kimi, utilizasiyaya təqdim olunmuş nəqliyyat vasitəsi tərəfimizdən dəyərləndirilir.
Utilizasiyaya götürülən hər avtomobilə - 1000 MANAT ÖDƏNİLİR
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə "Fors" MMC-nin direktoru Sahib Əliyev nəqliyyat vasitələrinin utilizasiyasının həyata keçirlidiyi məkana təşkil olunan mediatur zamanı məlumat verib.
O bildirib ki, əgər nəqliyyat vasitəsinin yararlı ehtiyyat hissəsi varsa, o, yararlı kimi dəyərləndirilir: "Digər hissələr isə müxtəlif metal növləri üzrə - əlvan və qara metal növlərinə ayrılır. İstifadəyə yararsız kimi görünən avtomobillər qara və əlvan metala çevriləcək. Qara və əlvan metal da metal istehsalçılarına yönləndirilir və aidiyyəti üzrə istifadə olunur".
Qeyd edək ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin, proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.
“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bu ilin sentyabr ayından qüvvəyə minmiş olan müddəalarına uyğun olaraq, ötən müddət ərzində “Təmiz Şəhər” ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb.
Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır. Utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.
Uçotdan çıxarıldıqdan və utilizatora təhvil verildikdən sonra nəqliyyat vasitəsini utilizatora təhvil verən şəxsə yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş hüququ verən təsdiqedici sənəd verilir. (Trend)