Qubada son illər istifadəyə verilən yeni sənaye müəssisələrinin sayı artır. Hazırda meyvə emalı sahəsində böyük bir sənaye layihəsi həyata keçirilir.
FED.az xəbər verir ki, ümumi dəyəri 25 milyon manat olan müəssisə 2 hektar ərazini əhatə edir.
Tikintisi davam edən zavodda meyvə konsentratı və meyvə şirəsinin istehsalı və qablaşdırılması nəzərdə tutulur. Müəssisənin illik istehsal gücü 4000 ton məhsul təşkil edəcək ki, bu da həm yerli bazarın tələbatını ödəməyə, həm də ixrac imkanlarını genişləndirməyə şərait yaradacaq.
Zavodun fəaliyyəti bölgədə iqtisadi aktivliyi artırmaqla yanaşı, kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalına, əlavə dəyər yaradılmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcəkdir.
Yeri gəlmişkən qeyd edək ki, müəssisə tam istifadəyə verildikdən sonra 112 nəfərin daimi iş məşğulluğu təmin olunacaq.
Müəssisənin açılışı bu ilin sentyabr ayına nəzərdə tutulur. Hazırda tikinti və texnoloji avadanlıqların quraşdırılması işləri aparılır. (Azərbaycan qəzeti)