Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə icra etdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” Layihəsinin əhatə dairəsinə Lənkəran-Astara regionu da əlavə edilib.
FED.az xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihə ilkin olaraq, Gəncə-Qazax və Quba-Xaçmaz regionlarını əhatə etməyi nəzərdə tuturdu. 2019-cu ilin noyabrında başlamış layihədə başlanğıcda 2 pilot regionda aqrar məsləhət xidmətlərinin regional əsaslı inkişaf etdirilməsi planlaşdırılmışdı. Lakin tərəflər arasında razılaşmalardan sonra Lənkəran-Astara regionu da yerli xüsusiyyətlərinə və kənd təsərrüfatı məhsulları istehsalı potensialına görə fokus region kimi layihəyə daxil edilib.
2 illik layihə pilot rayonlarda fermerlərə aqrar məsləhət xidmətlərinin göstərilməsi üzrə sub-layihələr reallaşdıracaq. Layihə çərçivəsində bu regionlarda fermerlərin ehtiyac duyduqları aqrar xidmətlər, həmin xidmətləri əldə etmək üçün münasib üsullar öyrəniləcək, dövlət-özəl tərəfdaşlığı imkanları tətbiq edilərək, Avropa ölkələrinin uyğun modelləri sınaqdan keçiriləcək.
Qeyd edək ki, bu ilin fevral ayından başlayan layihə çərçivəsində Gəncə-Qazax və Quba-Xaçmaz regionlarında fermer və aqrar məsləhətçilər arasında sorğular başa çatıb. Sorğuların nəticələri yaxın vaxtlarda yekunlaşdırılıb, ictimaiyyətə təqdim ediləcək. Eyni zamanda, Lənkəran-Astara bölgəsində analoji sorğuların keçirilməsinə başlanılıb. Sorğularda hər bölgədən 200-dən artıq fermer, 50-dək aqrar məsləhətçi, o cümlədən, gübrə, toxum və pestisid təchizatçısı iştirak edib.
“Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” Layihəsinin həyata keçirilməsində əsas məqsəd müvafiq aqrar xidmət strategiyası yaradaraq, aqrar xidmətlər sistemini gücləndirmək, kənd təsərrüfatının məhsuldarlığını artırmaq və kənd yerlərinin dayanıqlı inkişafına nail olmaqdır.