Azərbaycanda son illər meyvə bağlarına marağın artması, demək olar ki, bütün bölgələrdə çoxsaylı meyvə bağlarının salınması ölkəyə hər il milyonlarla meyvə tinginin gətirilməsi ilə nəticələnib.
FED.az xəbər verir ki, Azərbaycana tinglər Türkiyə, İspaniya və sair ölkələrdən idxal edilir, amma heç də bütün hallarda ölkəyə gətirilən tinglər normal olmur. Bəzi hallarda ölkəyə gətirilən tinglərdə xəstəlik olur və nəticədə torpaqlar korlanır. Bir sıra hallarda isə xaricdən meyvə tingi olan sahibkarlar sadəcə aldadılır.
Bununla bağlı FED.az-ın suallarını Azərbaycan Tingçilik Assosiasiyasının Ramin Azməmmədov cavablandırıb.
Qeyd edək ki, Azərbaycan Tingçilik Assosiasiyası tərkibində ölkənin əsas tingçilik şirkətlərini və sahibkarlarını birləşdirir. Assosiasiya 5 ildən artıqdır ki, yaransa da, indiyədək passiv vəziyyətdə olub. Bu il Assosiasiyanın idarə heyəti yenilənib və qurum fəliyyətini bərpa edib.
- Ramil müəllim hazırda Tingçilər Assosisiyasının həyata keçirdiyi əsas iş nədən ibarətdir?
- Hazırda Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan «Damazlıq bağ» layihəsinin üzərində işləyirik və həyata keçirməyə hazırlaşırıq. Layihənin idarə etmə hissəsi Assosiasiyaya həvalə edilib. Məqsəd ondan ibarətdir ki, sertifikat tələb olunan bağlarda tingçilər və ya bağ sahibləri, göz götürüb calaq vurarkən dah keyfiyyətli məhsullardan istifadə etməlidirlər.
Burada Assosiasiyanın çox böyük rolu var, həmin bağın idarə edilməsi, tingçilərlə iş və sair. Bundan başqa, göz götürən tingçilərə sertifikat verilməsi prosesində assosiasiya aktiv şəkildə iştirak edəcək.
- «Damazlıq bağ» layihənin yaranmasının məqsədi odur ki, indiyədək xaricdən gətirilən tinglər indi yerli olaraq Azərbaycanda yetişdiriləcək?
- Əlbəttə, xaricdən gətiriən tinglərin qarşısı müəyyən qədər alınacaq, çünki əlmizdə bütün modern müasir sortların damazlıq bağı olacaq. Bu o deməkdir ki, ölkədə kimsə yeni bağ salmaq istəyirsə, bütün resurslar Azərbaycanda var.
- Bu resursları hardan əldə etmək olacaq?
- Məsələn calaqaltıları elə «Grand Aqro invitro» şirkətində da, bundan əlavə tincg, yəni calaq vurulması üçün gözlər də artıq «Damazlıq bağ»da var. Yəni hər şey Azərbaycanda olandan sonra kənardan idxala lüzum olmayacaq.
- Ramil müəllim, indiyədək meyvə bağı salmaq üçün tinglərin əsas hissəsi xaricdən idxal edilir. Hazırda Azərbaycana xaricdən hər il neçə meyvə tingi gətirilir?
- Bizdə olan məlumata görə, hər il xaricdən Azərbaycana 5-8 milyon ədəd arasında ting və calaqaltı gətirilir.
- Bu tinglərin qiyməti necədir, yəni ting və calaqaltıların ölkəyə gətirilməsinə nə qədər vəsait sərf edilir?
- Bu rəqəm dəyişir. Məsələn calaqaltıların qiyməti 1-1,5 manat və ya 2 manat arasında dəyişir. Tinglərin qiyməti isə daha bahadır. Onlar 7-8-10-15 manat, hətta 20-30 manatadək dəyişir.
- Ümumilikdə məlumdurmu ki, bütün bunların ölkəyə gətirilməsinə sahibkarlar nə qədər vəsait sərf edirlər?
- Bunu hesabamaq asandır, təqribən 4 milyon ədəd calaqaltı, orta hesabdan 1,5 manatdan hesablayanda və təqribən 4 milyon tingi 7-8 manatdan nəzərdə tutduqda, 8 milyon ədədin ölkəyə gətirilməsi hər il təqribən 30-40 milyon manata başa gəlir.
- Ramil müəllim, sizin də qeyd etdiyiniz kimi, hazırda Azərbayana xaricdən hər il milyonlarla ting gətirilir. Bunlarla bağlı əsas problem nədir?
- Tinglərlə bağlı ən böyük problem sort seçimi və xəstəliyin inkişafı riski ilə bağlıdır. Hətta hər kəskin düşündüyü və təhlükəsiz hesab etdiyi İtaliya və İspaniya kimi modern Avropa ölkələrindən belə Azərbaycana çox ciddi xəstəliyi olan tinglər gətirilir.
- Bunun qarşısını indi necə almaq olar, bununla bağlı bir addım atılırmı?
- Bunun üçün hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən çox ciddi qaydalar tətbiq edilir, indiyədək olan şərtlər sərtləşir. Ümid edirik ki, bu şərtlərlə onun qarşısını ala bilərik. Eyni zamanda ölkədə bütün resurslar olandan sonra, yerli istehsal olduqdan sonra xaricdən ting gətirməyə ehtiyac qalmayacaq.
- Ramil müəllim, xaricdən Azərbaycana ən çox xəstə tinglər hansı ölkələrdən gətirilir?
- Belə tinglər əsasən Türkiyə, İtaliya, eləcə də İspaniyadan. Ümumiyyətlə ən çox tinglər Türkiyədən gətirilir, qiyməti nisbətən ucuz olduğu üçün hər kəs oradan almağa üstünlük verir, amma qiyməti ucuz olanda da əmin olun ki, arxasında çox ciddi problem var. Ona görə də ən çox xəstə tinglər də Türkiyədən gətirilir. Bağ salan fermerlər bu məsələdə çox diqqətli olmalıdırlar.
- Ən çox hansı meyvələrtin tinglərində daha çox xəstəlik aşkar edilir?
- Xəstəliklər demək olar bütün tinglərdə odur – alma, xurma, gilas, şaftalı və nektarində bu daha çoxdur. Belə tinglərin gətirilməsi səbəbindən ölkədə çox ciddi torpaq xəstəlikləri, o cümlədən aqrobakterium yayılar. Nəticədə torpaq sahələri məhdudlaşır, çünki artıq o ərazilərdə bağ salmaq mümkün olmur.
- Ramil müəllim, bir də ölkəyə saxta, yəni deyildiyi növ olmayan tinglərin gətirilməsi ilə bağlı məlumatlar olur. Bir növü deyib, başqa növ göndərənlər də olur, belə hallar çoxdurmu?
- Bəli, belə hallar da çoxdur, hətta bizim bildiyimiz ölkələrdən Yunanıstan və Türkiyədən bu formada çox ciddi həcmdə məhsullar gəlir, biz bilirik ki, bu məhsul məsələn, gilas üçün «gizella»dır. Amma bunu «gizella» deyil, gilasın başqa calaqaltısı adı ilə gətirirlər, çünki ölkədə qeydiyyatda olan sortları eyni adla gətirmək olmaz, bunun üçün patent haqqı da ödənməlidir, patentdən qaçmaq üçü bu yollara əl atırlar.
- Bundan hər il nə qədər fermer və ya təsərrüfat zərər çəkir?
- Bilirsiniz, bunu ölçmək çox çətindir. Çünki bəzən fermerlər və kiçik təsərrüfatlar, məsələn 2-3-5 hektar bağ əkənlər ucuz qiymətə üstünlk verir deyə, belə problemli bitkilər alınır. Bunun nəticəsini, yəni göndərilən tingin doğrudan da istəniən ting olub olmadığını isə 2-3 il sonra görürlər. Ümumiyytlə bağçılıq uzunmüddətli layihə olduğu üçün, bu gün bu sahədə olan hər hansı səhv və ya problem özünü 2-3 il sonra göstərir. Bununla bağlı məhkəmələr və şikayətlər də olur, amma bununla məsələ həll olunmur. Çünki fermer böyük vəsaitləri, yatırdığı pulu 2-3 illik çox qiymətli zamanı itirmiş olur.