ABŞ Prezidenti Donald Tramp gündəmdə olan məsələlərdən danışıb.
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
FED.az xəbər verir ki, Tramp İranın nüvə silahına sahib olmaması üçün bu ölkəyə qarşı hərbi addımlar atdıqlarını bildirib və bu prosesin yaxın vaxtlarda başa çatacağına işarə edib.
ABŞ Prezidenti deyib: “İrandan çox qısa müddətdə çıxacağıq. Bu, istər razılaşma yolu ilə olsun, istərsə də çox sərt bir üsulla, hər halda baş verəcək. Bəlkə də ən sərt üsullar ən asan yol ola bilər, amma biz oradan çıxacağıq”.
Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almağın vacib olduğunu və bu məqsədlə hərəkətə keçdiklərini vurğulayıb: “Nüvə təhlükəsini aradan qaldırmalı idik. Bunun baş verməsinə imkan verə bilməzdik. Heç kim bunun olmasını istəmirdi. Biz bu işi böyük ölçüdə həll etmişik. Görəcəksiniz, bu məsələ bu və ya digər şəkildə nəticələnib”.
Tramp həmçinin İranla bağlı proses başa çatdıqdan sonra ABŞ-da enerji qiymətlərinin qısa müddətdə azalacağını iddia edib və amerikalıları bir qədər səbirli olmağa çağırıb.













