Son zamanlar süni intellektdən istifadə bütün sahələrdə olduğu kimi, iş dünyasında da geniş yayılıb. Artıq biznesin bütün sahələrində süni intellektdən aktiv istifadə olunur. Süni intellekt özü ilə işlərin asanlaşması, vaxta qənaət, proseslərin daha sürətli həll olunması kimi müsbət cəhətlər gətirsə də, mənfi tərəfləri də var. Bunlardan biri də süni intellektin yaranmasından mənfi təsirlənən fəaliyyət sahələridir.
Vüqar Bayramov: "Azərbaycan regional süni intellekt habına çevriləcək"
“Ayes” şirkətinin təsisçisi və rəhbəri, süni intellekt və biznes proseslərinin avtomatlaşdırılması üzrə ekspert Xəqani Səfərov süni intellektin təsir etdiyi sahələr, işçiləri gözləyən yeniliklər, ixtisarların olacağı sahələr və digər məsələlərlə bağlı FED.az biznes və maliyyə xəbərləri portalına müsahibə verib.
-Xəqani bəy, bu gün süni intellekt geniş müzakirə olunur, onun müxtəlif sahələrə təsirlərinin qaçınılmaz olduğu bildirilir. Sizcə süni intellekt ən çox hansı sahələrə təsir edəcək?
- Əslində süni intellektin təsir etməyəcəyi sahə tapmaq getdikcə çətinləşir. Çünki bu texnologiya təkcə fiziki işləri deyil, zehni işlərin də bir hissəsini avtomatlaşdıra bilir. Məsələn, əvvəllər satış rəhbəri yüzlərlə Excel faylına baxaraq qərar verirdisə, artıq süni intellekt ona hansı məhsulun nə qədər satılacağını əvvəlcədən göstərə bilir. Müştəri xidmətlərində minlərlə müraciət avtomatik cavablandırılır. Marketinqdə reklam mətnləri, dizayn ideyaları və kampaniyalar hazırlanır. Mühasibatlıqda sənədlərin yoxlanılması və hesabatların hazırlanması sürətlənir. Əsas səbəb budur ki, süni intellekt məlumatı insandan qat-qat sürətli emal edə bilir.
- Süni intellektin gətirdiyi yeniliklər bir çox sahələri olduğu kimi həmin sahədə çalışan əməkdaşları da maraqlandırır. Bəs yaxın gələcəkdə işçiləri hansı dəyişikliklər gözləyir?
- Mən hesab edirəm ki, gələcəkdə ən vacib bacarıq süni intellektlə işləməyi bacarmaq olacaq. Necə ki, 20 il əvvəl kompüter bilməyən insanın iş tapması çətin idi, yaxın illərdə də süni intellekt alətlərindən istifadə etməyi bilməyən insanların rəqabət qabiliyyəti azalacaq. İnsanlar özlərində analitik düşünmə, problem həll etmə, məlumatları şərh etmə və süni intellektə düzgün tapşırıq vermə bacarıqları formalaşdırmalıdırlar. Çünki süni intellekt məlumat verir, amma hansı məlumatın doğru olduğunu qiymətləndirmək hələ də insanın vəzifəsidir.
- Siz dediniz ki, gələcəkdə ən vacib bacarıq süni intellektlə işləməyi bacarmaq olacaq. Bu alətlərdən istifadə edə bilməyənləri nələr gözləyir? Hansı sahələrdə ixtisarlar daha çox olacaq?
- Ən böyük risk təkrarlanan və standart qaydalarla görülən işlərdə olacaq. Məsələn, məlumat daxil edən operatorlar, sadə hesabat hazırlayan əməkdaşlar, standart müştəri sorğularını cavablandıran operatorlar, sadə kontent hazırlayan əməkdaşlar və bəzi inzibati və ofis vəzifələri bu dəyişiklikdən daha çox təsirlənəcəklər. Çünki həmin işlərin böyük hissəsi qaydalara əsaslanır və süni intellekt tərəfindən avtomatlaşdırıla bilir. Amma burada vacib bir məqam var. Tarix göstərir ki, texnologiya bəzi peşələri aradan qaldırsa da, yeni peşələr yaradır. Bu gün artıq süni intellekt mühəndisləri, data analitikləri, süni intellekt məhsul menecerləri, MLOps mütəxəssisləri və süni intellekt inteqrasiya mütəxəssisləri kimi yeni peşələr yaranır.
- Azərbaycanda süni intellektin tətbiqi və ondan istifadə sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?
- Bu gün ölkədə süni intellekt istiqamətində çalışan şirkətlər var. Amma açığını desəm, hələ ölkə səviyyəsində süni intellekt mühəndisliyinin tam formalaşdığını demək çətindir. Mən ümumiyyətlə bu sahədə fəaliyyət göstərənləri şərti olaraq üç qrupa bölərdim.
Birinci qrup süni intellekt alətlərindən istifadə edərək xidmət göstərənlərdir. Məsələn, dizaynerlər, marketoloqlar, video montaj mütəxəssisləri və digər peşə sahibləri müxtəlif süni intellekt alətlərindən istifadə edərək işlərini sürətləndirirlər.
İkinci qrup müxtəlif süni intellekt platformalarının API-lərindən istifadə edərək məhsul yaradanlardır. Onlar mövcud texnologiyaları öz sistemlərinə inteqrasiya edib yeni həllər təqdim edirlər.
Bu iki qrupun fəaliyyəti çox faydalıdır. Amma mən hesab edirəm ki, onları tam mənada süni intellekt mühəndisliyi ilə məşğul olan qrup adlandırmaq düzgün olmaz.
Üçüncü qrup isə birbaşa süni intellekt mühəndisliyi ilə məşğul olanlardır. Burada artıq insanlar öz datasetlərini hazırlayır, məlumatları annotasiya edir, CVAT və bənzər platformalarda işləyir, modelləri train edir, fine-tuning aparır, MLOps infrastrukturu qurur, Computer Vision, OCR, NLP və LLM həlləri hazırlayırlar.
Azərbaycanda bu üçüncü qrupa daxil olan şirkətlərin sayı hələ çox deyil.
- Bəs Azərbaycanda süni intellekt layihələrinin qarşısındakı ən böyük maneə nədir?
- Ən böyük problem proqramlaşdırma deyil. Ən böyük problem məlumatdır, datadır. Çoxları düşünür ki, süni intellektin əsas hissəsi modeldir. Halbuki layihənin 70-80%-i məlumatların toplanması, təmizlənməsi, işarələnməsi və hazırlanmasıdır.
Məsələn, insan bir saniyəyə qatarı tanıyır. Amma kameranın qatarı tanıması üçün minlərlə, bəzən milyonlarla nümunə göstərmək lazım gəlir. Düşünülənin əksinə, süni intellekt modelləri üçün daha çox data toplamağa, data emalına, dəqiqləşdirmələrə və modelin öyrədilməsinə ehtiyac var. Dolayısı ilə daha çox əl əməyinə ehtiyac yaranır. Biz bəzən modelin train olunması üçün 20-30 nəfər cəlb edirik. Sonra isə 4-5 nəfər həmin insanların işarələdiyi dataların dəqiqliyini yoxlayır.
- Ölkədə süni intellekt sahəsində hansı çatışmazlıqlar var, ən çox hansı səhvlərə yol verilir?
- Biz çox vaxt texnologiyaya fokuslanırıq, problemə yox. Hamı hansı modeli istifadə etdiyini danışır. Amma müştəriyə hansı faydanı verdiyini danışmır. Bizim üçün əsas sual ChatGPT, Claude və ya başqa model deyil. Əsas sual budur ki, müştərinin xərcini azaltmışıqmı, gəlirini artırmışıqmı?
Yəni süni intellekt “cool” görünmək üçün yox, işi bir üst mərhələyə daşımaq üçün lazımdır. Biz müştərilərlə münasibətdə heç vaxt texnologiyanı mərkəzə qoymuruq. Problemi mərkəzə qoyuruq. Biz müştərinin dərdini anlamaq istəyirik. Müştəri deyir ki, satışımı artırmaq istəyirəm, xərcimi azaltmaq istəyirəm, oğurluğun qarşısını almaq istəyirəm, müştərimi daha yaxşı tanımaq istəyirəm. Biz də süni intellekdən həmin problemi həll etmək üçün istifadə edirik.
- Süni intellekt sahəsində Azərbaycan üçün hansı imkanlar var?
- Son dövrlərdə dövlət səviyyəsində süni intellektə verilən önəm kifayət qədər ciddi siqnaldır. Bu yaxınlarda cənab Prezident İlham Əliyev çıxışlarının birində qeyd etmişdi ki, hər bir dövlət qurumunda, xüsusilə nazirliklərdə süni intellekt istiqamətinə cavabdeh olan müavin və ya məsul şəxs müəyyən edilməlidir. Mən hesab edirəm ki, bu çox uzaqgörən yanaşmadır. Bu çağırışa bütün dövlət qurumları və özəl sektor adekvat cavab verməlidir.
Əgər biz 3-4 ildən sonra süni intellekt sahəsində ciddi nəticələr əldə etmək istəyiriksə, bu gündən başlamalıyıq. Azərbaycanın ABŞ kimi milyardlarla dollar investisiya qoymasına ehtiyac yoxdur. Bizim üstünlüyümüz sürətli hərəkət etməkdədir. Kiçik ölkələr yeni texnologiyaları daha tez tətbiq edə bilir. Əgər düzgün yanaşsaq, bəzi sahələrdə istifadəçi olmaqdan çıxıb həll ixrac edən ölkəyə çevrilə bilərik.
Yaxın gələcəkdə hər nazirlikdə, hər böyük dövlət qurumunda və hətta iri özəl şirkətlərdə süni intellekt üzrə məsul şəxslərin olması zərurətə çevriləcək. Bu gün süni intellektlə bağlı təcrübə toplamağa başlayan şirkətlər 3-5 ildən sonra ciddi üstünlük əldə edəcəklər. Gec başlayanlar isə həm data, həm proses, həm də kadr baxımından geridən gələcəklər.
Çünki gələcəkdə süni intellekt texnologiyası ayrıca bir şöbə olmayacaq. Elektrik və internet necə bütün fəaliyyətlərin ayrılmaz hissəsinə çevrilibsə, süni intellekt də eyni yolu keçəcək.
- Süni intellekt sahəsində bir çox layihələr olsa da, heç də hamısı uğurlu ola bilmir. Bəs bəzi süni intellekt layihələrinin uğursuz olmasının səbəbi nədir?
- Bir çox şirkətlər düşünür ki, süni intellekt sehrli çubuqdur. Özü problemi tapir, özü həll verir və özü həll edir. Bəzən sahibkar və ya hər hansı məsul şəxs ChatGPT ilə yazışır və ChatGPT-nin ona verdiyi həlli dərhal şirkətdə tətbiq etmək istəyir. Halbuki bu, kökündən yanlışdır.
Çünki süni intellekt sizin şirkəti tanımır və onun verdiyi həllər ümumi qaydaları nəzərə alaraq formalaşır. Bəzən kimsə Claude süni intellektində hansısa kod yazır və elə bilir ki, artıq heç kimə ehtiyacı yoxdur. Bir çox məsələyə belə yanaşdığımız üçün layihələr uğursuzluqla yekunlaşır.
Halbuki məsələ kod məsələsi deyil. Məsələ işin fəlsəfəsi, şirkətə uyğunluğu və həllin optimallığıdır. Bunu nəzər alınmasa layihə əvvəldə yaxşı görsənir, proses qəlizləşdikcə həllolunmaz vəziyyətə düşür.
Əslində əvvəl biznes problemi müəyyən edilməlidir. Sonra baxmaq lazımdır ki, süni intellekt həqiqətən həll yoludur, yoxsa deyil. Belə qərarları vermək üçün də insanlardan ibarət ekspertlərə ehtiyac var. Bu sualın cavabı süni intellektdə yoxdur.
- Siz qeyd etdiniz ki, bir çox şəxslər süni intellektin onlara verdiyi nəzəri bilikləri tətbiq etmək istəyirlər. Bu sahədə nəzəri danışmaqla real layihə etmək arasında fərq nədir?
- Bu gün hər kəs ChatGPT istifadə edə bilir. Amma real süni intellekt layihələri bundan qat-qat mürəkkəbdir. Bir obyekti, hərəkəti tanıyan sistem qurmaq, milyonlarla görüntünü emal etmək, datanı toplamaq, işarələmək, modelləri train etmək, onları serverlərdə işlətmək və biznes proseslərinə inteqrasiya etmək tamamilə fərqli səviyyədir. Məhz buna görə süni intellekt sahəsində ən böyük fərq istifadəçi olmaqla istehsalçı olmaq arasındadır.
- Xəqani müəllim, siz həm də “Ayes” şirkətinin təsisçisisiniz. Sizin şirkət bu istiqamətdə hansı işləri görür? Məsələn, süni intellekt üzrə biznesə hansı həllər təqdim edirsiniz?
- Biz “Ayes” olaraq son illərdə həm dövlət, həm də özəl sektorda müxtəlif süni intellekt layihələri həyata keçirmişik. Bizim əsas istiqamətlərimizdən biri Computer Vision, yəni kompüter görməsi sahəsidir. Eyni zamanda böyük dil modelləri (LLM) əsasında sənəd analizi, korporativ bilik bazaları, çağrı mərkəzi analitikası və şirkətdaxili süni intellekt köməkçiləri üzərində işləyirik. Sadə dillə desək, insanın gözünün gördüyü və başa düşdüyü hadisələri kameraların da başa düşməsinə çalışırıq.
Məsələn qtarların və vaqonların tanınması, avtomobillərin nömrələrinin, markalarının və modellərinin müəyyən edilməsi, hərəkət edən obyektlərin izlənməsi, insan və nəqliyyat axınının analizi, müxtəlif təhlükəsizlik və nəzarət hadisələrinin aşkarlanması kimi sistemlər hazırlamışıq.
Bu sistemlər sadəcə görüntünü izləmir. Eyni zamanda analiz edir, məlumatları verilənlər bazasına ötürür və müəyyən qərarların verilməsinə kömək edir.
Bundan başqa, satış proqnozlaşdırılması ilə bağlı sistemlərimiz fəaliyyət göstərir. Süni intellekt keçmiş satış məlumatlarını analiz edir və gələcək dövrlərdə hansı məhsulun nə qədər satılacağını proqnozlaşdırır.
Restoran sektorunda masaların doluluğunu və boşluğunu izləyən, hətta masaların təmizlənib-təmizlənmədiyini müəyyən edən sistemlər üzərində işləmişik.
Pərakəndə ticarətdə mağazaya daxil olan müştəriləri sayan, onları tanıyan, VIP müştəriləri müəyyən edən və xüsusi diqqət tələb edən şəxslər barədə əməkdaşları məlumatlandıran həllərimiz mövcuddur.
Hətta bəzi hallarda sistem mağazaya daxil olan müştərinin əvvəlki davranışlarını analiz edərək satıcıya həmin şəxsin hansı məhsullarla maraqlana biləcəyini təxmin etməyə kömək edir.
Çağrı Mərkəzi (“Call Center”) sahəsində isə zəngləri analiz edən, operatorların danışıq keyfiyyətini qiymətləndirən, müştəri narazılıqlarını aşkar edən və rəhbərliyə hesabat təqdim edən sistemlər hazırlamışıq.
Bir sözlə, biz süni intellekti istifadəcisi deyilik, onun istehsalçısıyıq. Biz ondan sadəcə danışılan texnologiya kimi deyil, real biznes problemlərini həll edən alət kimi tətbiq etməyə çalışırıq.










![Süni intellektdən istifadə edə bilməyənlərin iş tapması çətin olacaq – Bəzi sahələrdəki işçilər ixtisar ediləcək – [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/2780516.jpeg)
![Süni intellektdən istifadə edə bilməyənlərin iş tapması çətin olacaq – Bəzi sahələrdəki işçilər ixtisar ediləcək – [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/4729905.jpeg)
![Süni intellektdən istifadə edə bilməyənlərin iş tapması çətin olacaq – Bəzi sahələrdəki işçilər ixtisar ediləcək – [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/3190572.jpeg)
![Süni intellektdən istifadə edə bilməyənlərin iş tapması çətin olacaq – Bəzi sahələrdəki işçilər ixtisar ediləcək – [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/1397663.jpeg)
![Süni intellektdən istifadə edə bilməyənlərin iş tapması çətin olacaq – Bəzi sahələrdəki işçilər ixtisar ediləcək – [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/873048.jpeg)
![Süni intellektdən istifadə edə bilməyənlərin iş tapması çətin olacaq – Bəzi sahələrdəki işçilər ixtisar ediləcək – [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/3262925.jpeg)








