Rusiya Xarici İşlər Nazirliyi Azov dənizində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu xarici yük gəmilərinə hücumla bağlı bəyanat yayıb.
FED.az xəbər verir ki, Rusiya XİN-in məlumatına görə, iyunun 5-də səhər saatlarında Türkiyədən Rostov-na-Donu limanına doğru hərəkət edən, Beliz bayrağı altında üzən “Natra” və Palau bayrağı altında üzən “Sirkon” gəmiləri Azov dənizində hücuma məruz qalıb.
Bildirilib ki, hər iki gəmidə həlak olanlar və yaralananlar var. Onların arasında Azərbaycan Respublikası vətəndaşları da olub. Zərərçəkmiş dənizçilərə yaxınlıqdan keçən Rusiya gəmisi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd dəstəsi tərəfindən yardım göstərilib.
Rusiya XİN həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara isə tezliklə sağalma arzulayıb.
Nazirlikdən bildirilib ki, hadisənin başvermə şəraiti araşdırılır. Rusiya tərəfi Azərbaycanın Moskvadakı səfirliyi və Azərbaycan Xarici İşlər Nazirliyi ilə sıx əlaqə saxlayır.
Qeyd olunub ki, Rusiya hadisənin təfərrüatlarının araşdırılması və Azərbaycan vətəndaşlarına konsulluq çıxışının təmin olunması üçün Azərbaycan tərəfinə lazımi dəstək göstərəcək.













