Mart ayı yaz ağac əkini üçün ən optimal vaxt hesab edilir. Odur ki, tingçilik təsərrüfatlarının qızğın dövrüdür. Təsərrüfat sahibləri həm becərdikləri tinglərin satışı, həm də sahələrdə erkən yaz işləri ilə məşğuldurlar.
Ən ucuzu 2, ən bahalısı isə 2500 manatdır – Tingçilik təsərrüfatından - REPORTAJ - FOTOLAR
Bəs ağac tingləri neçəyə satılır, ağac əkərkən nələrə diqqət edilməlidir?
FED.az xəbər verir ki, Ələsgərli kənd sakini Araz Rəhimov əsasən dekorativ ağacların tinglərinin becərilməsi və satışı ilə məşğuldur. Fermer bildirib ki, 5 hektar sahəni əhatə edən təsərrüfatda leylandr, feyxoa, maqnoliya, limon sərvi, zeytun, bibəriyə, tuya kimi 15-ə yaxın çeşiddə dekorativ bitki becərir: “Tingləri çıxarıb qablaşdırır, paketləyir, alıcılara təqdim edirik. Satış əsasən elə sahədə həyata keçirilir. Bəzən yaxın rayonlara özümüz aparırıq. Alıcılarımız daha çox Bakı və digər böyük şəhərlərdəndir. Tinglərin qiyməti isə ağacın növündən və böyüklüyündən asılı olaraq dəyişir. Təsərrüfatda 2 manatdan 1000 manata qədər qiyməti olan tinglər var. Eunimusun qiyməti 2 manat, leylandr 10-30 manat, limon sərvi 10-20 manat, feyxoa 4 manat, tuya 5-10 manat, xurma 1000 manatdır. Bunların içərisində ən çox tələbat tuya, leylandr, feyxoa və limon sərvinədir”.
Digər torpaq mülkiyyətçisi Rəhman Əhmədov isə əsasən meyvə tingçiliyi ilə məşğuldur. Tingləri calaq vasitəsilə yetişdirir. “Şaftalı, alça, gavalı, gilas, alma, armudun müxtəlif sortlarını yetişdiririk. Respublikanın müxtəlif bölgələrindən gəlib alırlar. İki ayda təxminən 10 min ting satmışıq. Tinglərin qiyməti ağacın növünə görə müəyyən edilir. Məsələn, gilas 5 manat, şaftalı 3-5 manat, ərik 2 manatadır. Ən çox satılan xurmanın “Şişburun” sortu, gilas, şaflalı tingləridir ki, onları da əsasən yeni salınan böyük bağlar üçün alıb aparırlar”, - deyə fermer vurğulayıb.
Tinglərin qiyməti alıcıları da qane edir. Yevlax rayonundan gələn İbrahim Məmmədov tinglərin qiymətindən razıdır: “Buradan gilas, xar tut, şah tut, əncir, Eldar şamı ağacları aldım. Qiymətlər müxtəlifdir, şah tutu, gilası 2 manata, xar tutu 5 manata, şam tingini isə 3 manata almışam. Tingin yetişdirilməsində çəkilən zəhmətə görə qiymətləri münasibdir”.
Aqronom Məhəmməd Şirinov söhbət zamanı tinglərin əkilmə qaydası barədə danışıb. Onun sözlərinə görə, ting əkinini martın sonlarına qədər yekunlaşdırmaq lazımdır. “Meyvə tinglərinin əkilməsi üçün 40 santimetr enində, 40 santimetr dərinliyində çala qazılmalı, ağacın dibinə verilən torpaq peyinlə qarışdırılmalıdır. Ting əkildikdən sonra dibi bərkidilməli, suvarılmalıdır. Hava keçməsin deyə suvarmadan bir həftə sonra yenidən bərkidilməlidir. Calaq hissə 2 santimetr torpağın üstündə qalmalıdır ki, gələcəkdə çürümə verməsin. Ting 50-80 santimetr hündürlükdən çəpinə kəsilməlidir. Ağaclar yarpaqladıqdan sonra dibinə yemləmə gübrələri verilməli, kətmənlə torpağa qarışdırılmalı, suvarılmalıdır. Ağaclar böyüdükcə zərərvericilərə qarşı dərmanlama və budama işləri də aparılmalıdır”, - deyə o əlavə edib.
Tərtər rayonu respublikamızda meyvə və dekorativ ağac tinglərinin yetişdirildiyi məkan kimi tanınır. Fermerlərin yetişdirdikləri tinglərdən respublikanın bütün regionlarında bağların salınmasında istifadə edilir. Tərtər Rayon Statistika İdarəsindən verilən məlumata görə təkcə ötən il rayonda 2 milyon 468 min ədəd meyvə, 844 min ədəd dekorativ bitki tingi yetişdirilib, 216,9 hektar yeni meyvə bağı salınıb. (Azərtac)