Payonix” bank olmayan kredit təşkilatı (BOKT) MMC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
«PAYONİX» BOKT işə düşdü – gəlir götürməyə başladı, dövriyyəsi dəfələrlə artdı – HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, yeni yaradılmış şirkət ötən il sürətli böyüyüb, gəlirləri və xərcləri kəskin artıb.
Hesabata əsasən 2025-ci ildə “Payonix” BOKT-un əsas gəlir mənbəyi- faiz gəlirləri 1 milyon 472 min manata yüksəlib. Bu, əvvəlki illə müqayisədə 34 dəfə artıqdır.
Faiz gəlirlərinin kəskin artımı, şirkətin gəlirli kredit portfelinin formalaşması ilə bağlıdır. 2024-ci ildə “Payonix” BOKT-un kreditləri cəmi 490 min manat olduğu halda, 2025-ci ildə bu rəqəm 3 dəfə artaraq 1 milyon 462 min manata yüksəlib.
Maraqlıdır ki, “Payonix” BOKT-un faiz xərcləri hələlik yoxdur, çünki şirkət hələlik kreditləri səhmdarın öz vəsaiti hesabına ayırır.
Kredit portfelinin kəskin böyüməsi və xarakteri ehtimal olunan zərər üzrə ehtiyatlar yaratmağı tələb edib. “Payonix” BOKT bu məqsədlə 2,7 milyon manat ayırıb. Nəticədə yaradılan ehtiyatlar səbəbindən şirkətin xalis faiz gəlirləri mənfi 1 milyon 308 min manat olub.
2025-ci ildə geniş fəaliyyətə başlaması BOKT-un əlaqəli gəlirlərini də artırıb, belə ki, haqq və komissiya gəlirləri 1 milyon 263 min manata yüksəlib. 346 min manatlıq digər əməliyyat xərclərini də nəzərə alanda şirkətin xalis əməliyyat zərəri 467 min manat olub.
Bundan əlavə, 2025-ci ildə “Payonix” BOKT-un fəaliyyətini genişləndirməsi ilə onun inzibati və sair xərcləri də artaraq 815 min manatı keçib. Nəticədə şirkət 2025-ci ili 1 milyon 283 min manat zərərlə başa vurub.
Zərər göstəricisi daha çox şirkətin geniş fəaliyyətə keçməsi, əlaqədar xərclərinin artması və dövriyyə vəsaiti yaratması ilə bağlıdır.
Bu, “Payonix” BOKT-un balans göstəricilərində də özünü büruzə verir. Belə ki, 2025-ci ildə şirkətə böyük vəsait yatırılıb – təsisçinin şirkətə ümumi yatırımları 2 milyon 760 min manata çatıb – 2024-cü illə müqayisədə 2 dəfə artım.
Bu məbləğ nəinki AMB-nin kapital tələbini (1 milyon manat) qarşılamağa, hətta ilk dövrlərdə baş verən ənənəvi zərər dövründə şirkətin fəaliyyətini davam etdirməyə və kredit portfelini böyütməyə də imkan verib.
2025-ci ilin sonuna “Payonix” BOKT-un aktivləri 600 min manata yaxın və ya təqribən 53% artaraq 1,7 milyon manata çatıb. Burada əsas hissə son bir ildə 3 dəfə böyüyərək 1,5 milyon manata çatan kredit portfelinə məxsusdur.
Şirkətin pul və ekvivalenti 165 min manat, əmlakı isə 22 min manat olub.
“Payonix” BOKT hələlik maliyyə sektorundan kredit göğtürməyib, ona görə də öhdəlikləri cəmi 467 min manat ətrafındadır. Şirkətin cəmi kapitalı isə 1 milyon 200 min manatdır ki, bu da əvvəlki illə müqayisədə 10% artıqdır.













