Ağdam fermerləri bu il soğanın qiymətinin ucuz olduğundan şikayətlənirlər.
FED.az xəbər verir ki, ağdamlı fermerlər bildirirlər ki, əvvəlki illərdə də soğan əkiblər, ancaq hazırda bu sahədən gəlir əldə edə bilmirlər.
Fermerlər bildirir ki, hazırda 30-35 kiloqramlıq soğan kisələrini onlardan 5-6 manata almaq istəyirlər, amma bu qiymət onlar üçün zərərlidir. Halbuki təkcə hazır məhsulu sahədən yığıb anbara gətirmək bir kisə üçün 3,5 manata başa gəlir. Fermerlər bildirir ki, onlar soğanı onlardan istənilən qiymətə satsalar hər şektara 3-4 min manat zərər edəcəklər.
Nəticədə fermerlər satılmayan soğanı anbarlarda, həyətyanı sahələrdə saxlamağa məcbur olurlar.
Fermerlər qiymətin maya dəyərindən aşağı olmasının əsas səbəblərindən biri kimi ixracın olmamasını göstərirlər. Fermerlər hazırda əllərində olan məhsulu borclarının bir qismini ödəmək üçün maya dəyərindən aşağı satmağa məcbur qaldıqlarını bildiriblər.












