Bu gün Şəki rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Aqrar İnnovasiya Festivalı keçirilib.
FED.az xəbər verir ki, festivalda nazirliyin digər qurumları və aidiyyəti dövlət müəssisələri, toxum istehsalçıları və satışı ilə məşğul olan yerli şirkətlər, eləcə də kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.
Tədbirdə dənli bitkilər (arpa, buğda), tərəvəz bitki sortları və toxumları, kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, gübrə, pestisid nümunələri nümayiş etdirilib.
Festival ərzində fermerlərə “Taxıl bitkilərinin aqrotexniki qulluq qaydaları, düzgün toxum seçilməsi” mövzusunda təlim keçirilib, sertifikatlı toxumun əldə edilməsi, təmizlənməsi mövzuları istiqamətində məlumatlar verilib.
Bundan başqa, tədbir çərçivəsində toxumçuluq üzrə sərgi-satış yarmarkası təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu və "Azərbaycan Toxumçular Assosasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yarmarkanın məqsədi toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, həmçinin payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etməkdir.
Növbəti festival və yarmarka avqustun 18-də Şamaxı rayonunda təşkil olunacaq. (Report)