Prezident İlham Əliyev Azərbaycanda fermerlər üçün subsidiyaların elektron sistem vasitəsilə verilməsini müsbət qiymətləndirib.
Eləcə də bax: "Bəs, sahibkar özü niyə gedib əkmir?" - İLHAM ƏLİYEV
FED.az xəbər verir ki, fevralın 3-də regionların inkişafına həsr olunmuş konfransda dövlət başçısı bildirib ki, yaxın vaxtlarda aqrar sığorta məsələsi də həllini tapacaq:
«Kənd təsərrüfatı sahəsində də ciddi islahatlar aparılır. Əminəm ki, bundan sonra da artım çox sürətli olacaq. Bildirməliyəm ki, keçən il bütövlükdə fermerlərə 380 milyon manat subsidiya verilmişdir. İndi bu subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilir. Bu, çox mütərəqqi sistemdir. Eyni zamanda, Aqrar sığorta mexanizminin işlənməsinə start verilmişdir. Əminəm ki, bu il bu məsələ də öz həllini tapacaq».
Prezident kənd təsərrüfatında artımla bağlı bəzi rəqəmləri də səsləndirib. Onun sözlərinə görə, ötən il barama istehsalı 25%, pambıq 26%, yumurta 9%, günəbaxan 43%, kartof 12%, tərəvəz 12%, bostan məhsulları 11%, meyvə və giləmeyvə 9%, yaşıl çay yarpağı 7%, üzüm 20% artıb.