Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC (ATT) “Kənddən Şəhərə” layihəsi ilə bağlı son vəziyyəti açıqlayıb.
FED.az xəbər verir ki, hazırda Bakı şəhərində “Kənddən Şəhərə” adı altında iki satış məntəqəsi fəaliyyət göstərir. Səbail rayonunda olan satış məntəqəsi Nizami küçəsi 154B, Əhmədli qəsəbəsində olan satış məntəqəsi isə Məhəmməd Hadi küçəsi 23/24 ünvanında yerləşir.
Eləcə də bax: Fermerlərin və kənd təsərrüfatı təyinatlı torpaqların – UÇOTA ALINMASINA BAŞLANILIB
Bu mərkəzlərdə tamamilə yerli istehsal olan və birbaşa fermerlərdən alınmış kənd təsərrüfatı və ərzaq məhsulları satılır. Bu ilin 9 ayı ərzində ATT “Kənddən Şəhərə” layihəsi çərçivəsində respublikanın müxtəlif regionlarından olan 324 fermerlə əməkdaşlıq edib və bu say artmaqdadır.
Fermerlərlə edilən əməkdaşlıq çərçivəsində onların yetişdirdikləri 56 adda və 71 növdə, ümumi çəkisi 1557 ton olan kənd təsərrüfatı məhsulu “Kənddən Şəhərə” satış mərkəzlərində paytaxt sakinlərinə satılıb.
Satış mərkəzləri yalnız fermerlər üçün deyil, eləcə də paytaxt sakinləri üçün də əlverişlidir. Burada satılan məhsullar tam təbiidir və onların qiymətləri digər bazar və mağazalardan daha münasibdir.
Xatırladaq ki, “Kənddən Şəhərə” mağazalarından olayn şəkildə alış-veriş etmək də mümkündür. Belə ki, paytaxt sakinlərinə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə ATT tərəfindən http://kendden.az/ saytı istifadəyə verilib. Vətəndaşlar sayta daxil olmaqla və ya +994504009977 telefon nömrəsinə zəng etməklə ünvanlarını tərk etmədən istədikləri yerli qida və kənd təsərrüfatı məhsullarını əldə edə bilərlər.
Satış mərkəzlərindən əlavə olaraq mütəmadi olaraq paytaxtın müxtəlif nöqtələrində həftəsonu “Kənddən Şəhərə” yarmarkaları da təşkil olunur. Binəqədi və Yasamal rayonlarında keçirilməsi artıq ənənə halını almış bu yarmarkalarda fermerlər yetişdirdikləri məhsulları alıcılara birbaşa satmaq imkanı əldə edirlər.