Kənd təsərrüfatı sahəsində yüksək məhsuldarlığın əldə edilməsi üçün vacib olan məsələlərdən biri də toxumçuluğun düzgün təşkil edilməsidir. Düzgün seçilmiş toxum istehsalın artmasına güclü təkan verir.
FED.az Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyevanin toxumçuluqla bağlı müsahibəsini təqdim edir:
- Mədinə xanım, Azərbaycan Toxumçular Assosiasiyasının nə kimi vəzifələri var?
- Assosiasiyanın məqsədi ölkə ərazisində fəaliyyət göstərən toxum istehsalçılarını birləşdirmək və toxumçuluğu elmi əsaslarla inkişaf etdirməkdir. Əsas vəzifəmiz ölkədə istehsal edilən toxumların keyfiyyət zəmanətinin təmin edilməsinə, toxumçuluq sahəsində mütərəqqi təcrübənin tətbiqinə və torpaq mülkiyyətçilərinin maarifləndirilməsinə kömək etmək, toxumçuluq sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlıq etməklə ölkəmizin maraqlarının təmin olunmasına, əkinçilikdə yeni texnologiyaların istifadəsinə və ekoloji tarazlığın qorunmasına, toxumçuluq sahəsində qabaqcıl təcrübənin yayılmasına dəstək verməkdir.
Fermerlərin keyfiyyətli toxumla təmin edilməsi, toxum sektorunun inkişaf etdirilməsi
kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq üçün vacib amillərdəndir
- Bölgələrdə toxumçularla keçirilən görüşlərin, eləcə də respublikanın müxtəlif bölgələrində təşkil olunan toxum sərgi-satış yarmarkalarının əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan regionların sosial-iqtisadi inkişafı strategiyası çərçivəsində digər məqsədlərlə yanaşı, aqrar sektorda istehsal və ixrac imkanlarını artırmağı da hədəfləyib. Buna nail olmaq üçün son illər ölkədə uğurla reallaşdırılan sosial-iqtisadi inkişafa dair müvafiq dövlət proqramları çərçivəsində genişmiqyaslı tədbirlər həyata keçirilib. Aqrar sektorun inkişafı kompleks xarakter daşıyır, məhsul istehsalında dəyər zənciri üzrə bütün mərhələlərdə aqrotexniki tələblər yüksək səviyyədə gözlənilir, məhsuldarlığın artırılmasına yönəldilmiş müvafiq tədbirlər həyata keçirilir. Fermerlərin keyfiyyətli toxumla təmin edilməsi, toxum sektorunun inkişaf etdirilməsi kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq üçün vacib amillərdəndir. Gələcək bol məhsulun əsası torpağa səpilən keyfiyyətli, yüksək reproduksiyalı toxumla qoyulur. Buna görə də son illərdə respublikamızda toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsinə dövlət səviyyəsində xüsusi qayğı göstərilir. Azərbaycan Toxumçular Assosiasiyası hər zaman bu sahədə fəaliyyət göstərən fermerlərin problemlərini diqqət mərkəzində saxlayır. Belə ki, cari ilin iyun ayından başlayaraq bölgələrdə toxumçu fermerlərlə görüşlər keçirilir, onların problemləri dinlənilir, müvafiq məsləhət və tövsiyələr verilir. Bugünə kimi 200-ə yaxın belə görüş keçirilib və hazırda da davam etdirilir.
Hər il olduğu kimi, bu il də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə müxtəlif bölgələrdə keçirilən toxum sərgi-satış yarmarkalarına maraq böyükdür. Sərgidə dənli (arpa, buğda), tərəvəz bitki sortları və toxumları, kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, texnika və avadanlıqlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, gübrə, pestisid nümunələri nümayiş olunur. Festival ərzində fermerlərə “Taxıl bitkilərinin aqrotexniki qulluq qaydaları, düzgün toxum seçilməsi” mövzusunda təlimlər keçirilir, sertifikatlı toxumun əldə edilməsi, təmizlənməsi mövzuları istiqamətində məlumatlar verilir. Ümumiyyətlə isə müxtəlif regionlarda keçirilən toxum sərgi-satış yarmarkaları fermer və toxumçular arasında birbaşa əlaqələrin yaradılmasında mühüm rol oynayır.
Müxtəlif regionlarda keçirilən toxum sərgi-satış yarmarkaları fermer və
toxumçular arasında birbaşa əlaqələrin yaradılmasında mühüm rol oynayır
- Azərbaycan Toxumçular Assosiasiyası dövlət qurumları ilə əlaqəni hansı formada qurub?
- Assosiasiya Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən nazirliyin tabeli qurumları ilə sıx əməkdaşlıq edir. Belə ki, cari ildə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi əməkdaşlığın genişləndirilməsi, istehsal olunan keyfiyyətli və məhsuldar tərəvəz toxumlarının fermerlərə çatdırılmasına dəstək verilməsi, yeni yüksək məhsuldar toxum sortlarının təşviqi və təbliği işlərinin birgə həyata keçirilməsi, toxumçuluq sahəsində yeni texnologiyaların və metodların tətbiqi üzrə mütəxəssislərin hazırlanmasında ixtisaslaşmış peşə sahibləri ilə birgə treninqlərin təşkil edilməsidir. Assosiasiya Dövlət Toxum Fondu ilə də sıx əməkdaşlıq edir, birgə maarifləndirici tədbirlər həyata keçirir.
- Toxumçuluğun inkişafı üçün daha hansı tədbirlər görülür?
- Azərbaycanın regionlarında toxumçuluğun inkişafı diqqət mərkəzində saxlanılır. Ölkəmizdə toxumçuluğun inkişafını təmin etmək üçün zəruri hüquqi baza yaradılıb. Eyni zamanda, regionlarda toxum istehsalı ilə məşğul olan fermerlərə dövlət tərəfindən maddi dəstək göstərilir, subsidiyalar verilir. Regionlarda toxum laboratoriyaları, toxum emalı zavodları yaradılıb. Azərbaycan Toxumçular Assosiasiyası koordinasiya olunmuş şəkildə fəaliyyət göstərərək bu sahənin inkişafına öz töhfəsini verir.
- Fermerlər toxum seçimi zamanı nələrə diqqət etməlidirlər?
- Sahəyə yüksək keyfiyyətli toxumların səpilməsi məhsuldarlığın artırılmasında mühüm şərtdir. Toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnmə işləri görülməli, səpin optimal müddətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır. Sahədən qəbul olunmuş toxum materialını səpinə hazırlayarkən onun təmizlənməsi, qurudulması, sortlaşdırılması və dərmanlanması işləri ardıcıllıqla yerinə yetirilməlidir.
Bioloji xüsusiyyətlərinə görə torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılmış taxıl sortlarından istifadə məhsuldarlığı xeyli artırır. Ona görə də taxıl əkininin yerli torpaq-iqlim şəraitinə uyğun sortlarla aparılması daha məqsədəuyğundur. Əkiləcək torpaq sahələrinin təsnifatına, həmçinin sələfinə görə düzgün seçilməsi də məhsuldarlığın artmasına təsir göstərən amillərdəndir.
- Toxumun təmizliyi və keyfiyyəti hansı qaydada olmalıdır?
- Toxumlar sortluq və əkin keyfiyyətlərinə görə qiymətləndirilir. Sortluq keyfiyyəti dedikdə, özünəməxsus əlamət və keyfiyyət nəzərdə tutulur. Səpin keyfiyyətinə isə təmizliyi, cücərməsi, cücərmə enerjisi, rütubətliliyi, 1000 dənin çəkisi, ziyanverici və xəstəliklərə davamlılığı kimi amillər daxildir. Toxumların təmizliyi əsas bitki toxumlarının analiz üçün götürülmüş toxum çəkisinə nisbətən qarışıqların çəkisi ilə xarakterizə olunur. Standarta görə, əsas bitki toxumunun təmizliyi 97 faizdən az olmamalıdır. Toxumlar səpin keyfiyyətinə görə kateqoriyalara bölünür. Məsələn, I sinfin təmizliyi 99 faiz, cücərməsi 95 faiz, II sinfinki, müfaviq olaraq, 98 və 92 faiz, III sinfinki isə 97 və 90 faizdir. Əkin keyfiyyətinə görə I, II və III sinfə aid toxumlar kondisiyalı toxumlar adlanır.
Toxumun dərmanlanması mütləq və zəruri tədbirlərdəndir və bütün təsərrüfatlarda həyata keçirilməsi vacibdir. Dərmanlanma zamanı təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır. Cücərmə qabiliyyəti 85 faizdən aşağı olan toxumlar səpin üçün yararsız sayılır.
Toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların
bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnmə işləri görülməli, səpin optimal
müddətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır
- Fermerlər yüksək məhsul əldə etmək üçün nə etməlidirlər?
- Yüksək məhsul əldə etmək üçün, ilk növbədə, düzgün toxumun seçilməsi, toxumun təmizliyi, cücərdilmə qabiliyyətinin yüksək, həmçinin sertifikatlı olması əsas şərtlərdir. Payız əkini öncəsi toxuma tələbat artdığı üçün fermerlərə çağırış edərək bir daha bildiririk ki, onlar müvafiq iqlim şəraitinə uyğun sortlara, o cümlədən toxumun sertifikatlı olmasına diqqət etsinlər. Xatırladım ki, bu il respublikada toxumçu fermerlər tərəfindən yüksək kondisiyalı, sertifikatlı toxumlar istehsal olunub.
- Ölkədə fermerlər məhsuldar toxum əldə edə bilirlərmi?
- İlk öncə onu qeyd edim ki, fermer torpaq-iqlim şəraitinə uyğun, sertifikatlı toxum əkirsə, həmçinin vaxtlı-vaxtında aqrotexniki qulluq işləri aparırsa, fövqəladə hallar (təbii fəlakət, dolu, güclü yağışlar) istisna olmaqla, yüksək məhsul əldə edəcək. Bütün bunlarla yanaşı, əgər bitkidə hər hansı çatışmazlıq müşahidə olunursa, ilk növbədə torpağın qida tərkibini öyrənmək və çatışmayan elementi bitkinin xüsusiyyətinə uyğun təmin etmək lazımdır. Hər bir torpaq tipində əkiləcək bitkinin əkin strukturunu planlaşdırmaq və gübrə normalarına olan tələbatı vaxtında müəyyən etmək lazımdır. Suala gəlincə isə bildirim ki, toxumçu fermerlərimiz düzgün aqrotexniki qulluq nəticəsində hər il yüksək məhsul əldə edə bilirlər. Sevindirici haldır ki, son illər aqrar sahədə yeni innovativ imkanlar genişləndirilib.
- Fermerlərin istifadə etdiyi hansı bitki toxumları daha məhsuldardır və bu məhsuldarlığın səbəbi nə ilə izah oluna bilər?
- Fermerlər daha çox rayonlaşmış yerli buğda və arpa sortlarına maraq göstərirlər. Buna səbəb də həmin toxumların regionun torpaq-iqlim şəraitinə, həmçinin xəstəliyə davamlı olmasıdır. Buna misal olaraq, “Qobustan”, “Murov 2”, “Qırmızıgül 1”, “Aran”, “Fatimə”, “Şəfəq 2”, “Əsgəran”, “Mətin”, “Xəzri”, “Onur”, “Cümhuriyyət-100”, “Qarabağ 22”, “Dəyanətli”, “Qüdrətli 48” sortlarını göstərmək olar. (Vergilər.az)