Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) vakant yerlər üzrə vəzifəyə uyğun sayılan 31 nəfər müvafiq işlə təmin edilib.
Eləcə də bax: "Fermer 30 sentner məhsul götürərsə, dövlətdən - 520 MANAT SUBSİDİYA ALACAQ"
FED.az bu barədə nazirliyə istinadən xəbər verir.
AXA sədri Seymur Mövlayev Agentlikdə işə qəbulla bağlı müsabiqə və müsahibədən keçən mütəxəssislərlə görüşüb.
Görüşdə S. Mövlayev işə qəbul olunan mütəxəssisləri təbrik edərək Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, qarşıda duran yeni hədəflər və yanaşmalar barədə ətraflı məlumat verib. Sədr AXA-nın fəaliyyətində əsas hədəflərin daim fermerlərin yanında olmaq, şəffaflığı və vətəndaş məmnunluğunun təmin etmək olduğunu deyib, bu hədəflərə nail olmaq üçün mütəxəssislərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Tədbir iştirakçılarına son illərdə aqrar sahədə həyata keçirilən islahatlar, dövlət tərəfindən göstərilən dəstək, innovativ texnologiyalar barədə məlumat verilib. S. Mövlayev mütəxəssislərə aqrar sahənin dinamik və dayanıqlı inkişafının təmin edilməsi işində müvəffəqiyyətlər arzulayıb.
İşə qəbul prosseduru ilə bağlı məlumat verən AXA-nın kadr sektorunun müdiri Babək Əliyev bildirib ki, oktyabrın 22-də verilmiş vakant yerlər üzrə işə qəbul elanına əsasən daxil olmuş müraciətlərə baxılıb, bilik və bacarıqları nəzərə alınan 31 mütəxəssis tam şəffaflıq prinsipi əsasında işə qəbul edilib. Onun sözlərinə görə, işə qəbul olunanlar arasında regional aqrokimya laboratoriyalarında iş üçün müraciət edənlər üstünlük təşkil edib. Babək Əliyev Nazirliyin İnsan resurslarının idarəedilməsi şöbəsində yeni işə qəbul olunanlarla görüşün keçirildiyini, bir daha fəaliyyəti, ixtisas uyğunluğunun müəyyənləşdirildiyini və işə qəbul olunmalarının məqsədəuyğun hesab edildiyini diqqətə çatdırıb.
Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini İlham Süleymanov kadrların seçilməsində tam şəffaflığın təmin olunduğunu və onların AXA-nın fəaliyyət istiqamətlərinə uyğun çalışacaqlarına, göstərilən etimadı doğruldacaqlarına əminliyini bildirib.
Yeni işə qəbul olunan mütəxəssislər müsahibə və müsabiqənin tam şəffaf keçirildiyini bildirib, üzərlərinə düşən vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylə çalışacaqlarını vurğulayıblar.
Qeyd edək ki, verilmiş elanlar əsasında bu günə kimi 103 nəfər mütəxəssis AXA-nın yerli qurumlarında işlə təmin olunub.
"Report"