Azərbaycanda dövlət aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır.
Azərbaycanda meyvə bağı üzrə 321 min manat sığorta ödənişi edilib
FED.az xəbər verir ki, Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüftalarını çoxsaylı risklərdən sığorta edir. Dövlət dəstəyi ilə təqdim olunan bu mexanizmdən faydalanan sahələrdən biri də heyvandarlıq təsərrüfatlarıdır.
Xatırladaq ki, aqrar sığorta vasitəsilə kənd təsərrüfatı heyvanlarını – iribuynuzlu südlük və ətlik mal-qaranı və xırdabuynuzlu heyvanları – qoyun və keçilərin sığortalamaq mümkündür.
Aqrar Sığorta Fondu heyvanları çoxsaylı risklərdən sığorta edir. Bura təbii fəlakət hadisələri, yoluxucu xəstəliklər, yemdən, otdan və kimyəvi maddələrdən zəhərlənmə, ilan və həşarat sancması, yanğın, vəhşi heyvanların hücumu, avtomobillə vurulmama, daşınma zamanı qəza, oğurluq-quldurluq halları və sair aiddir.
Sadalanan hadisələr nəticəsində tələf olan və ya məcburi kəsimə göndərilən heyvanlara görə, fermerlərə ödənişlər edilir. Aqrar Sığorta Fondu tərəfindən ilk sığorta ödənişi də heyvandarlıq sığortası üzrə - Göygöl rayonundakı təsərrüfata edilib.
Ötən dövrdə heyvandarlıq sığortası üzrə ödənişlər artmaqdadır. Aqrar Sıgorta Fondu tərəfindən heyvandarlıq təsərrüfatlarında baş verən hadisələr və heyvan tələfatı ilə əlaqədar olaraq fermerlərə indiyədək ümumilikdə 3,2 milyon manat sığorta ödənişi həyata keçirilib.
Heyvandarlıq təsərrüfatlarına 2021-ci ildə 118 min manat, 2022-ci ildə 671 min manat, 2023-cü ildə 910 min manat, 2024-cü ildə 1 milyon 172 min manat, 2025-ci ilin ilk 10 ayında isə 327 min manat sığorta ödənişi edilib.
Təhlillər göstərir ki, heyvandarlıq sığortası üzrə özənişlər əsasən yoluxucu xəstəliklər, yem və otdan zəhərlənmə, vəhşi heyvanların (ayı, canavar və sair) hücumu, ilan və ya həşarat sancması və sair hallardan qeydə alınır.
Dövlətin 50%-lik sığorta haqqı dəstəyi sayəsində fermerlər öz heyvanlarını olduqca cüzi məbləğdə – sığorta haqqının yarısını ödəməklə sığotalaya bilərlər. Belə ki, hazırda iribuynuzlu heyvanların sığortası üzrə tariflər seçilmiş sığorta zərfindən asılı olaraq 4,89%-7,80%, xırdabuynuzlu heyvanlar üzrə tariflər isə 4,60-7,37% arasındadır.
Nəticədə, məsələn, qiyməti 1000 manat olan inəyi sığorta etmək fermerə cəmi 24-39 manata, 300 manatlıq qoyun və ya keçinin sığortası isə cəmi 7-11 manata başa gəlir.
Hadisə baş verdikdə 10% azad olma tətbiq edilməklə fermerə aqrar sığorta ödənişi edilir. Qanunvericiliyə əsasən yalnız, rəsmi bəyan edilmiş və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olan heyvanlar sığortalana bilər. Fermerlər heyvandarlıq təsərrüfatlarını sığotalamaq üçün Aqrar Sığorta Fondunun yerli filiallarına və ya 1651 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Sığortalanmaq üçün müraciət edilmiş təsərrüfata əvvəlcə müstəqil aqrar sığorta eksperti baxış keçirir, təsərrüfat və heyvanlar lazımi tələblərə cavab verdiyi halda, onlar aqrar sığorta təminatına alınır.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Heyvandarlıq məhsulları» bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə «Heyvandarlıq kalkulyatoru» vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.










