Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib.
Bu barədə FED.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Eləcə də bax: Çindən 1 milyon ədəd tut tingi - GƏTİRİLƏCƏK
Tinglərə Heydər Əliyev Hava Limanında Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən baxış keçirilib. Bildirilib ki, tut tingləri müəyyən olunmuş bölgülər üzrə rayonlarda baramaçılıq sahəsində fəaliyyət göstərən fermerlərə pulsuz paylanacaq. Bu tinglər calaq olunduğu üçün iqlimin əlverişsiz amillərinə qarşı dözümlüdür, yaşıl kütlə çıxımının keyfiyyətli olması səbəbindən barama qurdundan əldə olunan məhsul da bazar rəqabətinə davamlıdır.
Xatırladaq ki, indiyə qədər ölkəyə 3,5 milyon ədəd tut tingi gətirilib. 2016-cı ildə Çin Xalq Respublikasından 1,5 milyon tut (çəkil) tingi, 2017-ci ildə 1 milyon ədəd, 2018-ci ildə isə əlavə olaraq yenidən 1 milyon ədəd tut tingi gətirilərək çinli mütəxəssislərin müşayiəti ilə 38 rayonda intensiv tipli tut bağlarının salınması təmin olunub. Tut tinglərinin əkilməsi və digər qulluq işlərinin həyata keçirilməsində fermerlərə müvafiq məsləhət xidmətləri göstərilməkdədir.
Dövlət başçısının "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 19 may tarixli və "İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında" 2017-ci il 6 oktyabr tarixli Sərəncamlarına uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması, habelə tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilib. Barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın, 4 manat isə emal müəssisəsi tərəfindən verilməsi bu sahəyə marağı daha da artırıb. Hazırda respublikamızın 38 rayonunun əhatə edən 5543 nəfər istehsalçının bu sahədə məşğulluğu təmin edilib. Nəticədə, 2019-cu ildə 641 ton barama istehsalına nail olunub və dövlət büdcəsi hesabına 3 milyon 100 min manat subsidiya ödənilib. Bu il ilk dəfə olaraq Zərdab rayonunda 300 qutu, Tərtər rayonunda isə 50 qutu tut ipəkqurdunun ikinci yemləməsi həyata keçirilib və hər qutu ipəkqurdundan 20 kq olmaqla cəmi 7 min kq yaş barama istehsal edilərək emal müəssisələrinə təhvil verilib. İpəkçilik üzrə Dövlət Proqramının icrası ilə bağlı 2019-cu il üçün investisiya proqramına uyğun olaraq Zərdab, Füzuli, Bərdə, Ağsu, Zaqatala rayonlarının hər birində istehsal gücü 200 ton olan barama qurutmaxanalarının və 120 kvadratmetr sahəsi olan inkubasiya otaqlarının tikintisinə başlanıb.
Dövlət Proqramına uyğun olaraq, yaxın illərdə baramaçılığın güclü inkişafını təmin etmək məqsədilə tut bağlarının sahəsinin artırılması, Aqrar Elm və İnnovasiya Mərkəzinin Baytarlıq Elmi-Tədqiqat İnstitunun ixtisaslaşmış laboratoriyasında süni yem istehsalına nail olmaqla barama istehsalının həcminin artırılması planlaşdırılır. Eyni zamanda, barama istehsalçılarının üzləşdikləri problemlərin operativ həll edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyində 11 nəfərdən ibarət Barama İstehsalçıları Şurası yaradılıb ki, bu şura yaxın gələcəkdə sahənin strateji inkişafının təmin edilməsi üçün öz töhfəsini verəcək.