Dünya bazarında ərzaq məhsullarının, o cümlədən taxılın bahalaşması Azərbaycanın xaricdən aldığı buğdanın qiymətinə də təsirini göstərib.
FED.az xəbər verir ki, son bir ildə Azərbaycanın xaricdən aldığı buğdanın qiyməti sürətlə artıb.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 308 minr 043 ton buğda idxad edilib və bunun üçün 105 milyon 270 min dollar ödənilib.
Nəticədə idxal edilən buğdanın hər tonunun qiyməti 341,7 dollar olub.
Ötən il yanvar-aprel aylarının nəticələrinə görə isə ölkəyə buğdanın 1 tonu orta hesabla 254,5 dollardan idxal edilib.
Başqa sözlə, son bir ildə buğdanın 1 ton 87 dollar (150 manat) və ya 34% bahalaşıb.
Qeyd edək ki, Azərbaycanın idxal etdiyi buğdanın qiymətində bahalaşma 2021-ci ilin sonundan başlayıb. Artıq 2021-ci ilin dekabrında buğdanan 1 tonu ölkəyə 289 dollara idxal edilib.
Bu ilin əvvəlində isə qiymətlər daha da yüksəlib – yanvarda buğdanın 1 tonunun qiyməti 346,6 dollara qalxıb.
Fevralın yekunlarına görə buğdanın qiyməti 345 dollar, mart və aprel aylarında isə 341 dollara enib.
Azərbaycanın idxal etdiyi buğdanın həcmi və qiymətləri
Yanvar-aprel, 2021 - 1 tonu 254,5 dollar
Yanvar-avqust, 2021 - 1 tonu 254,2 dollar
Yanvar-dekabr, 2021 - 1 tonu 289,1 dollar
Yanvar, 2022 - 1 tonu 346,6 dollar
Yanvar-fevral, 2022 - 1 tonu 345,0 dollar
Yanvar-mart, 2022 - 1 tonu 341,2 dollar
Yanvar-aprel, 2022 - 1 tonu 341,7 dollar