Aqrar Sığorta Fondu 12-15 noyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində «Kənd Təsərrüfatı Sığortaçılarının Beynəlxalq Assosiasiyası»nın (AIAG) 37-ci Beynəlxalq Konqresində təmsil olunub.
Azərbaycanda vəhşi heyvanların hücumundan dəyən zərərlər üzrə fermerlərə - ÖDƏNİŞLƏR BAŞLANILIB
FED.az xəbər verir ki, «Kənd Təsərrüfatı Sığortası: Fermerlərin Risk İdarəetməsinin Əsas Aləti» mövzusunda keçirilən və 37 ölkədən 350-dən artıq nümayəndənin qatıldığı konqresin açılış mərasimi 13 noyabrda keçirilib.
Müxtəlif ölkələrin kənd təsərrüfatı sığortaçılarının və təkrar sığorta təşkilatlarının, beynəlxalq qurumların təmsilçilərinin də qatıldığı konqresdə Azərbaycanda kənd təsərrüfatı risklərinin sığortalanmasını həyata keçirən Aqrar Sığorta Fondunun rəhbərliyi iştirak edib.
Tədbirdə İtaliya, İspaniya, Hindistan və Amerika Birləşmiş Ştatları ilə yanaşı Azərbaycanın aqrar sığorta modelinin də təqdimatı keçirilib.
Konfransda Azərbaycanın qısa müddətdə yaradılmış aqrar sığorta modelinin keçdiyi yol, ölkəmizdə kənd təsərrüfatı risklərinin idarə edilməsi üzrə yaradılan aqrar sığorta modeli, onun xüsusiyyətləri, sistemin gələcək dövrdəki inkişafı planları barədə geniş məlumat verilib.
«Kənd Təsərrüfatı Sığortası: Fermerlərin Risk İdarəetməsinin Əsas Aləti» mövzusunda keçirilən konqresdə kənd təsərrüfatının üzləşdiyi risklər, iqlim dəçyişiklikləri və ərzaq təhlükəsizliyi, ərzaq təhlükəsizliyinə sığortaçıların mühüm töhfələri, eləcə də bu sahələrdə təcrübə mübadiləsi müzakirə edilib.
Xatırladaq ki, «Kənd Təsərrüfatı Sığortaçılarının Beynəlxalq Assosiasiyası» - AIAG dünyada aqrar sahənin riskləri və bu risklərin sığortalanması sahəsində əsas qurum və müzakirə platformasıdır.
AIAG təşkilatı 72 il əvvəl, 1951-ci ildə Fransa, Almaniya, İtaliya, Hollandiya, İsveç və İsveçrə sığorta və təkrarsığorta şirkətləri tərəfindən «Dolu Sığortaçılarının Beynəlxalq Assosiasiyası» adı ilə təsis edilib. AIAG-ın yaradılmasında məqsəd məlumat, təcrübə və statistik dataların mübadiləsi, aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi və sığortaçıların xidmətlərinin yaxşılaşdırılması olub.
Ötən dövr ərzində fəaliyyətini genişləndirərək bu sahədə əsas quruma çevrilən “Kənd Təsərrüfatı Sığortaçılarının Beynəlxalq Assosiasiyası”nın hazırda 110 üzvü var. Aqrar Sığorta Fondu 2022-ci ildə AİAG-ın üzvlüyünə qəbul olunub.