Aqrar Sığorta Fondu heyvandarlıq sığortası üzrə fermerlərə bu il 800 min manat zərər ödənişi həyata keçirib.
Fermerlər 16,3 milyon manat ödəyib, 482,4 milyon manatlıq təminat alıblar – AQRAR SIĞORTA
FED.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondu (ASF) İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova bildirib.
O qeyd edib ki, heyvandarlıq təsərrüfatları ilə bağlı bu il üçün təxminən 1 milyondan çox sığorta ödənişinin edilməsi nəzərdə tutulub: "Bizdə iki proses var: zərərin tanınması və sənədlərin toplanması. Yəni biz əvvəlcə zərəri tanıyırıq, sonra sənədləri toplamağa başlayırıq ki, bu da müəyyən vaxt aparır. İldən-ilə təsərrüfatların sığortalanması artdığı üçün növbəti illərdə də bu rəqəmin artacağı gözlənilir".
Sədr müavini indiyədək aqrar sığorta ödənişlərinin 64 rayon və 687 kəndi əhatə etdiyi diqqətə çatdırıb.
Xatırladaq ki, aqrar sığorta kənd təsərrüfatı heyvanlarını müxtəlif risklərdən, o cümlədən: təbiət hadisələri, yoluxucu xəstəliklər, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər hallardan sığortalayır.
Sığorta haqqının 50 %-nin dövlət tərəfindən qarşılanması nəticəsində fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığorta edə bilərlər. Məsələn, 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçi) illik sığortalanması fermerə cəmi 7-11 manata, 1000 manatlıq mal-qaranın sığortalanması isə cəmi 24-39 manata başa gəlir. Bu məbləğlər heyvandarlıq təsərrüfatlarının ümumi xərcləri daxilində çox kiçik yer tutur və fermerlər üçün ciddi maliyyə yükü yaratmır.












