Azərbaycanda dövlət qurumlarında maliyyə nəzarətinin yeni mərhələsi başlayıb. Bu dəfə Maliyyə Naznrliyi müxtəlif dövlət qurumlarının tərkibində fəaliyyət göstərən büdcədənkənar fondları və büdcədənkənar vəsaitləri nəzarətə götürüb.
AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb - 15 milyard dolları ötüb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sentyabrın 10-da prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Fərmana əsasən 3 təşkilat - Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla – digər qurumlarının büdcədənkənar fondlarındakı vəsaitlərin istifadəsi limitlənir.
Fərmanda deyilir ki, həmin fondlardan yalnız bu təşkilatlarda çalışan və “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq. Qalan bütün vəsaitlər dövlət büdcəsinə köçürüləcək.
Amma bu qayda deyildiyi kimi, yuxarıda göstərilən 3 quruma aid deyil. bu da həmin qurumların fəaliyyət sahəsi ilə bağlıdır. Burada neqativ hallara sövq etmək ehtimalı böyük olduğuna görə, əməkdaşların həvəsləndirilməsi baxımından fondun vəsaitlərindən istifadə edilir.
Amma ümumilikdə bütün qurumlarda büdcədənkənar fondlarda əlavə maaşlara və işçilərə ödənişlərə limit qoyulub.
Fərmana əsasən büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri – limitləri müəyyən edilib.
Belə ki, vəzifə maaşına əlavələr – təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1,0 mislinədək ola bilər.
Mükafat və digər ödənişlər – təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək ola bilər. Bu, il ərzində aylıq maaşın 2,4 misli deməkdir.
Amma büdcədənkənar fondlarla bağlı dəyişiklik bununla bitməyəcək. Fərmana əsasən, Maliyyə Nazirliyi ümumiyyətlə belə fondların fəaliyyəti ilə bağlı prezidentə təkliflər verəcək. Əslində fərmanda təkliflərin hansı istiqamətdə formalaşacağı da göstərilib.
Belə ki, nazirlik Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanılması, istifadəsi və uçotunun aparılması qaydası barədə təkliflər verəcək.
Budəfəki fərmanın daha maraqlı məqamı indiyədək ümumi proseslərdən kənarda qalan Prezidentin İşlər İdarəsinin və Xüsusi Tibb Xidmətinin tabeliyində olan qurumların da fəaliyyətinə aiddir. Fərmana əsasən Prezidentin İşlər İdarəsinin və Xüsusi Tibb Xidmətinin tabeliyində olan qurumların göstərdiyi ödənişli xidmətlərdən əldə edilən vəsaitlərin formalaşdırılması və istifadəsi ilə bağlı təkliflər hazırlanacaq.
Böyük ehtimalla burada söhbət sözügedən qurumların ğabeliyində olan otellərin və klinikaların xidmətlərindən gedir.
Eyni zamanda Maliyyə Nazirliyi Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidmətində, habelə bu Fərmanın 1.1-ci bəndinin təsir dairəsinə düşən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin vəzifə maaşlarında artımlar olduqda təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.
Fərmanda digər maraqlı məqam Nazirlər Kabineti ilə bağlıdır. Fərmana əsasən prezidentin müxtəlif qanunların və sərəncamların ləğvi lə bağlı olan 2026-cı il 19 mart tarixli 624 nömrəli Fərmanının 2.1-ci bəndi ləğv edilib.
Bu bənddə göstərilirdi ki, Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, habelə fəaliyyətindən əldə olunan gəlirləri hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri əsasında altı ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. İndi isə sonuncu fərmandan sonra bu hissəyə ehtiyac qalmayıb, bu proses Maliyyə Nazirliyinə ötürülüb.












