ABB rəqəmsal maliyyə xidmətləri sahəsində inteqrasiya proseslərini uğurla davam etdirərək müştərilər üçün yeni imkanlar yaradır.
FED.az xəbər verir ki, bank innovativ rəqəmsal ödəniş üsulu olan ABB Pay-i istifadəyə verib. Yeni həll elektron ticarət və onlayn alış-veriş zamanı qlobal ödəniş vasitələrinə (Apple Pay, Google Pay və s.) rahat yerli alternativdir. “Payriff”-lə tərəfdaşlıq çərçivəsində 20-dən çox onlayn ödəniş mağazalarında ABB Pay-lə ödəniş təcrübəsindən istifadə edə biləcəksiniz.
Müasir və təhlükəsiz fintek alətləri əsasında qurulmuş ABB Pay-lə istifadəçilər kart məlumatlarını təkrar daxil etmədən, cəmi bir neçə toxunuşla alış-verişlərini tamamlaya bilərlər. Bu həll istifadəçi təcrübəsini maksimum asanlaşdırır. Müştərilərə ödəniş prosesini 3 rahat formada icra etmək imkanı yaradır:
QR kod vasitəsilə: alış-veriş səhifəsində əks olunan dinamik QR kodu ABB mobile tətbiqi ilə skan edib ödənişi anında təsdiqləmək mümkündür.
Tətbiq linki (App link) ilə: mobil cihazdan alış-veriş edərkən keçid linki vasitəsilə birbaşa ABB mobile-a yönəlmək və əməliyyatı tətbiq daxilində saniyələr içində bitirmək olur.
Mobil bildiriş (Push notification): ödəniş zamanı qeydiyyatlı nömrəyə gələn bildirişə toxunaraq birbaşa təsdiq pəncərəsinə keçid etmək imkanı var.
ABB Pay fərdi müştərilər üçün onlayn alış-veriş təcrübəsini daha çevik, sürətli və maneəsiz edir. Eyni zamanda “Payriff” ekosisteminə inteqrasiya olunmuş e-ticarət sahibkarlarına ödəniş konversiyalarını və müştəri məmnuniyyətini artırmağa dəstək olur. Bu imkan tezliklə digər finteklər üçün də təmin olunaraq genişləndiriləcək.
ABB rəqəmsal transformasiya və açıq bankçılıq istiqamətində yerli fintek ekosistemi ilə strateji tərəfdaşlıqlarını genişləndirməyi və müştərilərin gözləntilərinə uyğun maliyyə həllərinin yaradılmasını bundan sonra da davam etdirəcək.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.













