Yeni qərara əsasən icbari sığortalanma tələbi olan bitkilərin sayı artırılıb. Qarğıdalı ilə yanaşı, günəbaxan bitkisi də sığorta təminatına əlavə edilib.
FED.az xəbər verir ki, bu sözləri Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova əkin və bağçılıq subsidiyası üzrə sığorta tələblərində edilən dəyişikliklərlə bağlı brifinqdə deyib.
“Eyni zamanda, sığorta tələbi 10 hektardan 7 hektara endirilib. Verilən qərarın əsas əhəmiyyəti fermerlər üçün əlçatanlığın təmin edilməsi, sığortalanmanın daha da genişləndirilməsindən ibarətdir. Yeni qərara əsasən, daha xırda və ortaölçülü təsərrüfatların da aqrar sığortaya əlçatanlığı artacaq, onların risklərinin qorunması təmin ediləcək”, – deyə Ləman Alıyeva-Məmişova vurğulayıb.
O bildirib ki, günəbaxan riskinin sığorta təminatına əlavə edilməsi də mühüm yenilikdir: “Günəbaxan bitkisi iqlim risklərinə həssas olan bitkilərdən biridir. Onun sığorta təminatına daxil edilməsi bu sahədə fəaliyyət göstərən fermerlərin maliyyə itkilərinin qarşısının alınması və maliyyə dayanıqlığının təmin edilməsi baxımından böyük rol oynayacaq”.












