Azərbaycanda illik orta hesabla 420-450 min hektar əkin sahəsi sığortalanır ki, bu il sığortalanan əkin ərazisi 343 min hektar təşkil edib.
Fermerlər 16,3 milyon manat ödəyib, 482,4 milyon manatlıq təminat alıblar – AQRAR SIĞORTA
FED.az xəbər verir ki, bu sözləri Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova deyib.
O bildirib ki, Aqrar Sığorta Fondu ölkənin əkin ərazilərinin 96 faizini, kənd təsərrüfatı istehsalının isə 95 faizini sığortalamaq imkanına malikdir.
“Ölkədə ümumilikdə əkin əraziləri 1,4 milyon hektarı əhatə edir. Fermerlərin aqrar sığortaya əlçatanlığının artırılması Aqrar Sığorta Fondunun, Kənd Təsərrüfatı Nazirliyinin və kənd təsərrüfatı ilə bağlı qəbul edilmiş Dövlət Proqramının əsas istiqamətlərindən biridir. Bu məqsədlə maarifləndirmə və təşviqat tədbirləri həyata keçirilir”, - deyə L.Alıyeva-Məmişova bildirib.
Fond rəsmisi hesab edir ki, fermerlər üçün ən böyük stimul onlara edilən sığorta ödənişləridir: “Bu ödənişlər təsərrüfatların fəaliyyətinin davamlılığını təmin etməklə fermerlərin növbəti ildə də aqrar sığortadan yararlanmasına marağı artırır”.
Qeyd edək ki, cari il sığortalanan əkin sahələri (343 min hektar) ölkənin ümumi əkin sahəsinin (1,4 milyon hektar) 24,5 faizini təşkil edir.












