Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sıraları genişlənməkdədir. Aqrar Sığorta Fondu ilk dəfə olaraq tütün sahələri üzrə ödənişlər həyata keçirib.
Xatırladaq ki, Azərbaycanda 2600 hektar sahədə tütün əkilir, tütün sahələrinin 98%-i Şəki-Zaqatala reionunda yerləşir. Tütün sahələri üzrə aqrar sığorta ödənişləri də bu reiondakı fermerlərə edilib.
FED.az xəbər verir ki, tütün əkini sahələrində baş verən dolu vurması və selsubasma hadisələri nəticəsində təsərrüfatlara dəyən zərər ümumilikdə 130 hektara yaxın sığortalı əkinləri əhatə edib.
Fermerlərin Aqrar Sığorta Fonduna hadisə ilə bağlı müraciətlərindən sonra təsərrüfatlara müstəqil aqrar sığorta etkspertləri yönləndirilib. Ekspertlər, tütün sahələrinə baxış keçirib, baş vermiş hadisəni qeydə alıb və zərərləri hesablayıblar.
Toplanmış məlumatlar əsasında fermerlərə müvafiq sığorta ödənişləri təyin edilib və onların hesablarına köçürülüb. Ümumilikdə tütün sahələrinə dəymiş zərərlər üzrə fermerlərə 147 min manata yaxın sığorta ödənişi edilib.
Bu vəsaitdən 58 min manat Şəki rayonu, 27 min manat Balakən rayonu, 29 min manat Zaqatala rayonu və 33 min manatı Qax rayonundan olan fermerlərə ödənilib.
Qeyd edək ki, sərt iqlimi ilə seçilən Şəki-Zaqatala bölgəsində təbiət hadisələri tütün sahələrinə tez-tez zərər vurur. Sığorta ödənişinə həsr edilmiş tədbirdə fermerlər bildirib ki, indiyədək belə hallar nəticəsində tütün sahəsinə dəymiş zərərlər kompensasiya edilmirdi və nəticədə fermerlər böyük ziyanla üzləşirdi.
Şəki rayonundan olan fermer Anar Hümbətov bir neçə il əvvəl tütün sahsini dolu vurması nəticəsində böyük məbləğdə zərərə düşdüyünü xatırladıb. Bu dəfə isə cəmi 2200 manat ödəyərək sığorta etdirdiyi tütün sahəsinə dəyən zərər üzrə fermerə 25 min manat sığorta ödənişi edilib.
Zaqatalalı fermer Fazil Əhmədov isə bir neçə il əvvəl tütün sahəsinə dəymiş zərərə görə 10 min manat zərər etdiyini, buna görə vaxtilə banklara borclu qaldığını bildirib, bu dəfə isə ona 5 hektar tütün sahəsinə dəymiş zərər üzrə 12,6 min manat ödəniş edilib.
Sığorta ödənişi alan Balakənli fermer Ramazan Xammədov bir neçə il əvvəl, Aqrar Sığorta Fondu fəaliyyətə başlamadığı dövrdə tütün sahəsinə dəymiş zərərlərə görə, ümumilikdə 200 min manatdlan artıq zərərə düşdüyünü xatırladıb. Bu dəfə isə onun əkin sahəsinə dəymiş zərərə görə, 27 min manat ödəniş edilib.
Fermerlər aqrar sığorta mexanizminin fəaliyyətindən olduqca razı qaldıqlarını bildirib və digər həmkarlarını da öz əkin sahələrini sığortalamağa çağırıblar.
Xatırladaq ki, Aqrar Sığorta Fondu tütün sahələrini dolu, fırtına, qasırğa, sel-subasma, normadan artıq qar yağması, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri, eləcə də dolu nəticəsində keyfiyyət itkisi kimi hadisələrin vurduğu zərərlərdən qoruyur.
Aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödənildiyinə görə, fermerlər tütün sahələrini kiçik ödənişlə sığortalaya bilərlər. Məsələn, Şəki-Zaqatala bölgəsində 1 hektar tütün sahəsinin baza zərfi ilə sığortalanması fermerə təqribən 250 manata başa gəlir. Əkin sahəsi doludan keyfiyyət itkisi riskindən də sığorotalandıqda sığorta haqqı 320 manat təşkil edir. Bu – 1 hektar tütün sahəsinə il ərzində çəkilən xərclərin cəmi 10%-ni təşkil edir.
Fermerlərin aqrar sığortaya əlçatanlığını artırmaq məqsədilə həyaat keçirilən tədbirlər nəticəsində hazırda fermerlər və torpaq sahibləri, eləcə də heyvandarlıq təsərrüfatlarının nümaynədələrini öz təsərrüfatlarını AsanPay ödəniş sistemi vasitəsilə, evdən və iş yerindən ayrılmadan sığorta edə bilərlər.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.