Azərbaycanda keçi və qoyunlar 7 manat, inəklər 24 manata sığortalanacaq.
FED.az bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir.
Məlumata görə, aqrar sığorta mexanizmi vasitəsilə bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatları sığortalanır. İri və xırda buynuzlu heyvanların sığortası südlük və ətlik mal-qaranı (inək və camışları), eləcə də keçi və qoyun təsərrüfatlarını əhatə edir.
Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası olduqca sərfəlidir. Baza sığorta tarifləri inək və camışlar üzrə 4,89% xırdabuynuzlu heyvanlar üzrə isə 4,6% təşkil edir. Tariflər heyvanın qiyməti əsasında hesablanır və bu məbləğin 50%-i fermerə dəstək üçün dövlət tərəfindən ödənilir.
Qeyd edilib ki, 300 manatlıq qoyunun sığortalanması üzrə sığorta haqqı 13,8 manat, 1000 manatlıq inəyin sığortalanması üzrə sığorta haqqı isə 48,9 manat təşkil edir. Bu məbləğin 50%-i dövlət tərəfindən qarşılandığı üçün 300 manatlıq qoyunun baza zərflə sığortası fermerə cəmi 6,9 manata, 1000 manatlıq inəyin sığortası isə 24,5 manata başa gəlir.
Heyvanlarının qiymətindən asılı olaraq bu məbləğ artıb-azala bilər. Fermer və təsərrüfat sahibləri heyvanlarını baza zərfindən əlavə olaraq 3-cü şəxslərin hərəkətlərini nəzərdə tutan risklərdən də sığorta edə bilərlər. Buraya heyvanın avtomobillə vurulması, daşınma zamanı qəza nəticəsində ölümü, elektrik cərəyanı vurması, heyvana qulluq zamanı kimyəvi maddələrdən zəhərlənməsi, eləcə də oğurluq, soyğunçuluq və sair aiddir.
"Heyvanların əlavə riskləri də nəzərə almaqla sığortalanması üzrə sığorta tarifləri iribuynuzlu heyvanlar üzrə 7,8%, qoyun-keçilər üzrə isə 7,37% təşkil edir. Başqa sözlə, əlavə riskləri də nəzərə almaqla, 300 manatğlıq qoyun-keçinin sığortalanması fermerə 11 manata, 1000 manatlıq inəyin sığortalanması isə 39 manata başa gələcək. Hesablamalara görə, bu məbləğ heyvanların saxlanması üçün çəkilən xərcdən qat-qat aşağıdır. Südlük mal-qara 7 yaşınadək, ətlik mal-qara 3 yaşınadək, xırdabuynuzlu heyvanları isə 5 yaşınadək sığortalanır",-deyə məlumatda qeyd edilib.