Bu il Azərbaycanda iqlim şəraiti dənli bitki istehsalçılarının vəziyyətinə çox mənfi təsir edib.
FED.az xəbər verir ki, bunu iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent, iqtisadçı ekspert Xaliq Məmmədov deyib.
O bildirib ki, yanacaq sürtkü materiallarının, gübrələrin, bitki-mühafizə vasitələrinin həddən çox bahalaşması məhsulların maya dəyərinin yüksəlməsinə səbəb olub.
Fermerlər payızlıq əkinlərə tərəddüd edir
X.Məmmədov qeyd edib ki, nəticədə bazarda alış potensialının enməsi dənli bitki istehsalçılarının payızlıq əkinləri üçün tərəddüd etmələrinə səbəb olub: "Bu, çox ciddi siqnaldır. Aidiyyatı qurumlar problemi ciddi təhlil etməli və məhsulun maya dəyərinin aşağı salınması istiqamətində fermerlərə dəstəyi artırmalıdır".
Ekspert hesab edir ki, subsidiyanın verilmə qaydası da təkmilləşdirilməli və zamanında fermerə verilməlidir: "Məsələn, ilkin yaz aylarında azotlu gübrələrə tələbat artır. O zaman subsidiya verilmədiyinə görə, təchizatçılar da malların uzunmüddətli satışına getmir. Bu baxımdan gübrədən istifadə səviyyəsi enir, nəticədə isə məhsuldarlıq azalır. Gübrələmədən vaxtında, düzgün və normaya uyğun istifadə edilməməsi əkinçiliklə məşğul olan fermerlərimizin məhsuldarlıq probleminin birinci səbəbidir".
Toxum istehsalçıları bazardan çıxa bilər?
O, toxum istehsalçılarının ucuz toxum satmaqda maraqlı olmadıqlarını qeyd edib:
“Bu gün toxumçu aylarla əziyyət çəkib yetişdirdiyi məhsulu sonradan emal edib ucuz qiymətə satırsa, o növbəti il üçün toxum istehsalına maraq göstərməyəcək Nəticədə isə toxum idxalından asılılıq artacaq. Halbuki, son illər bu sahədə çox mühüm sərəncam və qərarlar imzalanıb, Kənd Təsərrüfatı Nazirliyi xeyli işlər görüb".
Suvarma problemləri həll edilməlidir
X.Məmmədov hesab edir ki, damcılama suvarma sistemi, çiləmə suvarma sistemi kimi sahələrə çox ciddi diqqət yetirilməlidir ki, sudan da səmərəli istifadə olunsun: "Hazırda Azərbaycanda selləmə-suvarma metodikası tətbiq edilir. Bu zaman bir hektar torpağa normadan 3-5 dəfə artıq su verilir. Bitki özünə lazım olan miqdarda suyu içir, qalan su isə boş yerə sərf edilir”.
Bundan başqa, ölkədə ənənəvi olaraq 1960-1980-cı illərdə istifadə edilən gübrələmə metodikası və texnologiyasından istifadə edilir.
Onun sözlərinə görə, fermerlərin maarifləndirilməsi məsələləri də çox ləng gedir.
Yeni toxum sortları yaradılır
Azərbaycan Toxumçular Assosasiyasının sədri Mədinə Əliyeva isə ölkədə toxum istehsalı ilə bağlı vəziyyətin qənaətbəxş olduğunu deyib:
"Hazırda toxum istehsalçılarının fəaliyyətinə güclü təsir edəcək amil yoxdur. Bu il taxılın qiyməti aşağı düşüb, bu səbəbdən də çörəyin, unun qiyməti aşağıdır.
Digər tərəfdən, bazarda ucuz toxum yoxdur. Həmişə keyfiyyətli toxumun qiyməti yüksək olub. Sadəcə bir az şərtləri ağırlaşdırmışıq. Hər iclasda toxumçulara belə bir sual verirəm: Siz razı olarsınızmı keyfiyyətsiz toxum istehsal edəni öz tərkibimizdə toxumçu kimi saxlayaq? Deyirlər, xeyr. Toxumçu yaxşı toxum istehsal etmirsə, biz onun toxumunu bazara çıxarmaqla, keyfiyyətli toxum istehsal edənə haqsızlıq etmiş oluruq".
M.Əliyevanın sözlərinə görə, ötən illərlə müqayisədə ölkədə toxum istehsalı artıb: "Hətta Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Əkinçilik Elmi-Tədqiqat İnstitutu keçən illə müqayisədə bu il istehsalı 50 % artırıb. Bu da gələcəkdə toxum idxalından asılılığımızın azalmasına xidmət edir".
O bildirib ki, bu il Rusiyadan toxum idxalı əvvəlki illərlə müqayisədə xeyli azalıb: "Rusiyadan Azərbaycana çox az miqdarda toxum gətirilir ki, bu da sınaqdan keçirib onların effektivliyini yoxlamaq üçün olur. Yəni daxili bazarda daha çox yerli toxum sortları istifadə edilir. Xarici toxumun burda rayonlaşmış sortları yetişdirilir. Seleksiya nəticəsində Genetik Ehtiyatlar İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu bazara yeni quraqlığa davamlı, tez yetişən toxumlar çıxarır. Bu il sərgi-satış yarmarkalarına toxumçuların günəş adlanan arpa sortu çıxardıqlarını görürük. Bu, çox məhsuldar sortdur. Bu sortu Əkinçilik Elmi-Tədqiqat İnstitutu keçən il toxumçulara vermişdi. Onlar da sınaqdan keçirib çox yaxşı nəticə aldılar".
Qeyd edək ki, ötən il Azərbaycan Rusiyadan 2,2 milyon ABŞ dolları dəyərində 3 min 453 ton toxumluq buğda idxal edib. Bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 18 %, kəmiyyət olaraq 36 % azdır. Ötən il xarici ölkələrdən tədarük edilən toxumluq buğdanın 83,4 %-i, bir il əvvəl isə - 83 %-i Rusiyanın payına düşüb. Bu ilin ilk 7 ayında isə Azərbaycan sözügedən ölkədən toxumluq buğda tədarük etməyib. (Report)