Azərbaycanda Almaniyanın Geilweilerhof Üzümün Seleksiya İnstitutunun hazırladığı quraqlığa davamlı “Calardis Blanc” üzüm sortu əkiləcək.
Azərbaycanda üzüm şərabının istehsalı 30% azalıb
FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov bildirib.
Onun sözlərinə görə, müqavilə əsasında “Calardis Blanc” üzüm sortundan 100 ədəd calaq ting (calaqaltı CO4) Şamaxı rayonunda dəmyə şəraitində adaptiv, o cümlədən xəstəlik və zərərvericilərə, quraqlığa, yüksək temperatura və s. davamlılıq xüsusiyyətlərinin öyrənilməsi və sınaq məqsədilə göndərilib: “Şamaxı dəmyə şəraitində “Calardis Blanc” üzüm sortunun inkişaf, davamlılıq, məhsuldarlıq, keyfiyyət və adaptiv xüsusiyyətləri öyrənilərək oların ekoloji plastiklik və davamlılıq xüsusiyyətləri qiymətləndirləcək. Yükək nəticə əldə olunarsa sortun təsərrüfatlarda tətbiqi tövsiyə ediləcək. “Calardis Blanc” "Calardis Musque" və "Seyve Villard" sortlarının hibridləşməsindən alınıb. Ağ giləli, orta məhsuldar və keyfiyyətli, davamlı texniki üzüm sortudur. Orta dövrdə yetişir. Sort süfrə və şampan şərablarının alınması üçün qiymətli xammaldır. Sort mildiu, oidium, boz çürümə, qara çürümə xəstəliklərinə yüksək davamlılıq nümayiş etdirir, funqisidlərin istifadəsini 80 %-ə qədər azaldır. Respublikamızın texniki üzüm genofondunda ağ giləli texniki üzüm sortlarının məhdudluğunu nəzərə alaraq, istehsalatda geniş tətbiqi perspektivli olacaq”.
V. Səlimov qeyd edib ki, son dövrlər dünyada baş verən qlobal istiləşmələr fonunda bir sıra iqlim amillərində, o cümlədən düşən yağıntıların miqdarında qeyri-mütənasiblik və kəskin azalmalar meydana gəlib: "Bunun nəticəsində bəşəriyyət, o cümlədən kənd təsərrüfatı əhəmiyyətli bitkilər təhlükəli risk amili - quraqlıqla üz-üzə qalıb. Son araşdırmalara görə, stress faktorları arasında quraqlığın təsiri 26 %-ə yüksəlib. Quraqlıq güclü müşahidə olunan illərdə onun təsirindən məhsul itkisi 50 %-ə çatır. Belə bir şəraitdə üzümçülükdə də aparılan tədqiqat işlərində bu sahəyə təhdillər yaradan ekoloji risklərin müəyyənləşdirlməsinə, onların təsirinin yumşaldılmasına və onlara qarşı preventiv tədbirlərin hazırlanmasına yönəlmiş yeni istiqamətlər müəyyənləşdirilməlidir. İnstitutda üzümün quraqlıqdan qorunması üçün quraqlığa davamlı sortlar seçilməsi, yaradılması, adaptiv sortların introduksiyası, iqlimləşdirilməsi, kökün əsas hissəsinin yerləşdiyi torpaq hissəsində rütubət toplanılması və saxlanılması üçün, eləcə də tənəyin bilavasitə özünə təsir edən müvafiq aqrotexniki, torpaqbecərmə tədbirlərin tətbiq edilməsi və suyaqənaətedici innovativ texnologiyaların introduksiyası, tətbiqi və təşviqi tədbirlər aparılır. Ümumiyyətlə isə seleksiya proqramlarında dəyişiklik edilərək quraqlığa davamlı yeni üzüm sortların yaradılması, mövcud üzüm genofondunda quraqlığa davamlılığın seleksiyasının gücləndirilməsi, quraqlığa davamlı calaqaltıların və calaqüstü sortların seçilməsi, quraqlığa qarşı daha səmərəli becərmə sistemlərinin, formalarının və optimal budama qaydalarının müəyyən edilməsi, torpaq becərmələrinin, qış-payız və yaz yağıntılarından səmərəli istifadə olunaraq torpağın su balansaının qorunub saxlanılması istiqamətindəki texnologiyaların təkmilləşdirilməsi, kultivasiyaların optimal sayının və vaxtının təyin edilməsi, transprasiyanın aşağı salınması məqsədilə üzümçülükdə diferensial aqrotexnikanı tətbiq etməklə hər bir sort üçün optimal gözcük, zoğ yükünün və yarpaq sathinin təyin edilməsi; tənəklərin stress amillərinə, xüsusən qraqlıq stresinə qarşı aqrokimyəvi mübarizə üsullarının işlənməsi və aqrokimyəvi preparatların sınağı; dəmyə üzümçülüyünün inkişaf etdirilməsi, dəniz səviyyəsindən daha çox hündürlüklərdə üzümün yetişdirilmə imkanlarının araşdırlması, nəmlikqoruyucu üsulların tətbiqi; suya qənaətedici innovativ texnologiyaların introduksiyası, tətbiqi və təşviqi və s. məqsədəuyğundur".
"Hazırda dünyada üzümün seleksiya işində ekoloji amillərin mənfi təsirinə, xəstəlik və zərərvericilərə, quraqlığa, duzluluğa və s. qarşı davamlı üzüm sorlarının əldə olunması, yeni bu kimi xüsusiyyətlərə malik sotrların yaradılması və tətbiqi əsas yerlərdən birini tutur", - deyə o əlavə edib. (Report)