Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu, “Agrodairy” şirkəti və Azərbaycan Fotoqrafları Birliyinin birgə əməkdaşlığı ilə “Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan olunub.
FED.az xəbər verir ki, mart ayının 15-dən aprelin 20-dək keçiriləcək müsabiqədə ölkənin bütün bölgələrindən kənd həyatı, kənd təsərrüfatı və aqrar sahəyə aid fotoların müəllifləri iştirak edə bilər. Müsabiqəyə aqrar sahədə fermerlərin fəaliyyətini, gündəlik həyatını, əkin və məhsul yığımı prosesini əks etdirən, həmçinin kənd təsərrüfatı heyvanları, bitkiləri və kənd təsərrüfatı texnikalarına aid fotoşəkillər qəbul edilir.
Fotomüsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ölkəmizin bölgələrinə, kənd təsərrüfatı sahəsinə və burada çalışan zəhmətkeş insanların həyatına, fəaliyyətinə cəlb etmək, aqrar sahə üzrə peşələrin nüfuzunu artırmaq, əhali arasında yaradıcılığı və sosial fəallığı stimullaşdırmaqdır.
Fotomüsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq hamı iştirak edə bilər. Fotoaparat, smartfon, dronla çəkilmiş fotolar müsabiqəyə qəbul olunacaq.
Müsabiqədə iştirak etmək istəyənlər şərtlərə uyğun fotoşəkilləri müəllifin adı, soyadı, ata adı, yaşadığı şəhər və əlaqə nömrəsini qeyd etməklə “[email protected]” elektron ünvanına göndərməlidirlər.
Müsabiqəyə göndərilən nümunələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər elan olunacaq.
“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqənin şərtləri
Müsabiqənin keçirilmə tarixi: 15.03.2025 - 20.04.2025
- Fotolar ağ-qara/rəngli JPEG (JPG) formatında olmalı və uzun tərəfi 1500 piksel təşkil etməlidir.
- Hər iştirakçı maksimum 5 foto təqdim edə bilər və bir iştirakçının təqdim etdiyi fotolardan yalnız 2 foto qalib seçilə bilər.
- Fotonun adında müəllifin adı, soyadı və fotonun adı qeyd olunmalıdır.
- Fotoların üzərinə müəllif imzası və ya loqo yerləşdirmək qadağandır.
- Fotolar üzərində heç bir fotoredaktə proqramı ilə əlavə dəyişiklik edilməməlidir (yalnız rəng balansı, kontrast və s. kimi düzəlişlərə icazə verilir).
- Müsabiqədə qalib gələn fotoların orijinal versiyası müəlliflərdən tələb olunacaq.
- Müsabiqəyə fotoaparat, smartfon, dronla çəkilmiş fotolar təqdim edilə bilər.
- Fotolarda əks olunan şəxslərin razılığının alınması fotoqrafın məsuliyyətindədir.
Müsabiqənin iştirakçıları:
Müsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları iştirak edə bilər (münsiflər heyətinin üzvləri xaric).
Mükafatlandırma:
Müsabiqədə I-III yerlərə layiq görülmüş fotoşəkillərin müəlliflərinə pul mükafatları və müvafiq dərəcəli diplomlar təqdim olunacaq:
I yer - 500 AZN
II yer - 300 AZN
III yer - 200 AZN
Əlavə olaraq, sərgidə nümayiş olunacaq 5 ən yaxşı fotonun müəllifi 100 AZN, 30 ən yaxşı fotonun müəllifi 30 AZN məbləğində mükafata layiq görüləcəklər.
İştirakçıların hər birinə “İştirakçı sertifikatı” təqdim olunacaq. Müsabiqədə mükafata layiq görülmüş işlər təşkilatçının mülkiyyətinə çevrilir.
Müsabiqəyə təqdim olunmuş fotolardan ibarət sərginin keçirilməsi nəzərdə tutulur.
“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqədə iştirakla bağlı sualları təşkilatçılara ünvanlaya bilərsiniz.
Əlaqə nömrəsi: 055-500-84-23