Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin daha bir istiqaməti olan aqrar sığorta mexanizminin əhatə dairəsi genişlənməkdə, bu sistemdən faydalanan fermerlərin sayı çoxalmaqdadır.
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib - FOTO
FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, hazırda 50 faiz dövlət dəstəyi ilə təklif olunan aqrar sığorta xidmətində bu sahənin ekspertlərinə tələbat da sürətlə artır. Tələbatı qarşılamaq məqsədilə Aqrar Sığorta Fondu tərəfindən davamlı şəkildə ekspert təlimləri həyata keçirilir.
Qeyd edək ki, müstəqil aqrar sığorta ekspertləri aqrar sığorta sistemində mühüm rola malikdirlər. Təsərrüfatlara sığortadan əvvəlki baxışın keçirilməsi, fermerlərlə müqavilə bağlanması və hadisə baş verdiyi halda zərər ödənişlərinin hesablanması məhz aqrar sığorta ekspertlərinin rəyi əsasında həyata keçirilir.
Aqrar sığorta eksperti fəaliyyəti ödənişli xidmətdir, Aqrar Sığorta Fondu ilə ekspertlər arasında imzalanan xidməti müqaviləyə əsasən, yerinə yetirilən işlər müqabilində ekspertlərə xidmət haqqı ödənilir.
Aqrar sığorta ekspertlərinin xidmət haqları fəaliyyət növündən, müqavilə və ya heyvan sayından, ərazinin sahəsindən asılı olaraq dəyişir.
Belə ki, bitkiçilik sığortasında risk dəyərləndirməsi zamanı 1 müqavilə üzrə ekspertin xidmət haqqı 42 manat, zərər dəyərləndirməsi zamanı bir müqavilə üzrə 67,2 manat olaraq hesablanır.
Heyvandarlıq məhsullarının sığortasında risk dəyərləndirməsi zamanı müstəqil ekspertin xidmət haqqı heyvan sayına əsasən dəyişir. Belə ki, heyvan sayı 25 başa qədər olanda baza məbləği 21 manat, 26 başdan 100-ə qədər olduqda 60 manat, 101 başdan çox olduqda 115 manat götürülür.
Məsələn, 25 baş heyvana baxış üçün ödəniləcək ümumi məbləğ 71 manat, 100 başa görə 140 manat təşkil edir və s.
Heyvandarlıq sığortasında zərər dəyərləndirilməsi zamanı isə 1 baş heyvana görə ekspertə ödənilən xidmət haqqı 33 manat nəzərdə tutulur.
Bayram və istirahət günlərində, eləcə də Qarabağ bölgəsində fəaliyyət zamanı müstəqil ekspertlərə ödənilən xidmət haqqı artımla hesablanır. Bundan əlavə, aqrar sığorta ekspertlərinə xidmət məntəqəsinə çatmaq üçün yol pulu və ezamiyyə xərci ödənilir.
Nəticədə müstəqil aqrar sığorta ekspertlərinin gündəlik gəlirləri bir neçə yüz manata çatır. Aktiv fəaliyyət göstərən müstəqil aqrar sığorta ekspertlərinin orta aylıq gəliri 1000-1500 manatdan başlayır, ekspertin peşəkarlığından və aktivliyindən asılı olaraq bu məbləğ bir neçə min manata qədər arta bilir.
Aqrar sığortanın əhatəsi və sığortalanmış təsərrüfat sayı artdıqca, eləcə də qlobal iqlim dəyişiklikləri nəticəsində təbiət hadisələri, onların təsərrüfatlara zərərləri artdıqca müstəqil aqrar sığorta eksperti fəaliyyətinə tələbat da artır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən, müstəqil aqrar sığorta eksperti fəaliyyəti ilə peşə, orta ixtisas, ali təhsilin bakalavriat və magistratura mərhələləri üzrə 70-dən artıq ixtisasdan məzun olmuş şəxslər məşğul ola bilirlər.
Sözügedən ixtisasların siyahısı ilə buradan tanış olmaq mümkündür.
Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimlərdə iştirak edən və Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanı uğurla başa vuran namizədlər 5 il müddətinə bitkiçilik, heyvandarlıq və akvakultura sahəsi üzrə sertifikat əldə edirlər və müstəqil aqrar sığorta eksperti kimi fəaliyyət hüququ qazanırlar.
Hazırda Aqrar Sığorta Fondu tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün növbəti təlimlərə qeydiyyat davam edir.
Təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədlərin qəbulu fevralın 3-nə qədər davam edəcək. Təlimlər fevralın 10-16-da keçiriləcək.
Təlimlər Aqrar Sığorta Fondunun inzibati binasında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında təşkil ediləcək.
Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 çağrı mərkəzi (və ya 055-500-84-23 nömrəsi) ilə əlaqə saxlamaq, məlumatları [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.
Təlimlərlə maraqlanan şəxslərə ilkin qeydiyyat üçün linkə daxil olaraq müraciət anketində göstərilən suallar cavablandırmaq tövsiyə olunur: https://forms.gle/TXkaAYv6Zr1oPKCHA